Azərbaycan təhsil ocağında hicab qalmaqalı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Təhsil

Azərbaycan təhsil ocağında hicab qalmaqalı

Azərbaycan təhsil ocağında hicab qalmaqalı


Universitetə sivil qaydada geyinərək gəlmək lazımdır.

Yeni təhsil ilində 1-ci kursa başlamaq istəyən bir neçə hicablı tələbə bu gün Sumqayıt Dövlət Universitetinə daxil olsa da, universitet rəhbərliyi onları təhsil ocağına buraxmayıb. Nəticədə tələbələr universitetə daxil ola bilməyiblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə azadxeber.az-a universitet işçiləri məlumat veriblər.

Baş verənlərə aydınlıq gətirmək SDU-nun Humanitar Məsələlər Üzrə prorektor Nizami Namazovla əlaqə saxladıq. Universitet rəsmisi faktı təsdiqlədi və bu gün I kurs tələbəsi olan 3 nəfər hicablı tələbəni dərsə buraxmadıqlarını söylədi.

Sonra prorektor atdıqları addımları belə əsaslandırdı:

“Həmin tələbələrlə söhbət zamanı onlara bildirdik ki, sizin şəxsiyyət vəsiqənizdəki fotonuz başı açıq olduğu kimi, universitetə də hicabsız gəlməlisiniz. Bizim universitet dünyavi bir təhsil ocağıdır və burada ilahiyyatla bağlı hər hansı dərs keçirilmir. Ona görə də, hicabla dərsə gəlmək olmaz. Düzdür ki, Azərbaycan bayrağının rənglərindən biri məhz islamla bağlıdır. Amma bu, o demək deyil ki, universitetə hicablı gəlməlisən. Bu baxımdan universitetə sivil qaydada geyinərək gəlmək lazımdır. Düzdür ki, ölkəmizdə belə bir qadağa yoxdur. Amma hər bir orta məktəbin və ya universitetin özünəməxsus geyim qaydaları olmalıdır”:

- Sizin universitetdə vahid geyim forması tətbiq edilirmi?

- Xeyr.

- Bəs onda hicablı tələbələrlə bağlı niyə belə bir tələb irəli sürürsünüz?

- Universitetə müasir formada geyinərək gəlmək, sadəcə olaraq, bir tələbdir.

- Sizcə hicabın müasirliyə hər hansı bir formada maneəsi nədir ki?

- Əlbəttə ki, hicab özü dini geyimi göstərən bir şeydir.

Əməkdaşımızın “ölkə konstitusiyasına görə, hər bir vətəndaşın təhsil almaq, din və vicdan azadlığı hüququ var. Eyni halda hər bir qurum, idarə və təhsil ocağı daxili nizamnamə qaydası hazırlayarkən ölkə konstitusiyasını əsas götürməlidir. Əgər hazırlanan daxili nizamnamə ölkə konstitusiyasının hər hansı bir bəndinə zidd olarsa, onda həmin nizamnamə əsassız sayılır.

Deyilənləri nəzərə alsaq, sizin hicablı şagirdlərlə bağlı qoyduğunuz qayda nə dərəcədə qanunidir”, - sualını da cavablandıran Nizami Namazov bildirdi ki, SDU-nun daxili nizamnamə qaydasında hicabı qadağan edən hər hansı bir maddə yoxdur: "Biz də öz növbəmizdə tələbələrimizə təklif edirik ki, universitetə hicabsız gəlsinlər. Yenə deyirəm ki, universitetimiz dünyavi elmləri tədris edən ali bir məktəbdir və tələbələrin hamısı müasir geyim formasında universitetə gəlməlidir.”

- Təklifinizi qəbul etməyib hicabla gəlmək istəyən tələbələr olarsa, onlar universitetə buraxılacaqmı?

- Bizim universitetdə 4500 tələbə təhsil alır. Onların hamısı kimi, hicablı şagirdlər də bizim tələblərimizə riayət etməlidir.

- Sizcə, sizin atdığınız bu addımlar qeyri-qanuni və konstitusiyaya zidd deyilmi?

- Xeyr, heç bir qanuna zidd deyil.

Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *