Uşaqlarda burun əti hansı fəsadları yarada bilər? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Uşaqlarda burun əti hansı fəsadları yarada bilər? – MÜSAHİBƏ

Uşaqlarda burun əti hansı fəsadları yarada bilər?


Uşaqlarda “burun əti” adlandırdığımız “adenoid vegetasiyası”nın nə kimi fəsadları olduğunu öyrənmək üçün tibb üzrə fəlsəfə doktoru, uzun illər Moskva şəhərində təhsil almış və həkim kimi çalışmış burun, boğaz, qulaq həkimi Səid Allahverdiyevlə müsahibəmizi sizə təqdim edirik.

- Burun əti nədir və neçə yaşında uşaqlarda olur?
- Burun əti, adətən 14 yaşına qədər uşaqlarda rast gəlinir. Burun-udlaq nahiyəsində yerləşən adenoid toxumasıdır, onun uşaqda olması patologiya deyil, ölçüləri böyüdükdə patologiya kimi qəbul olunur.

- Uşaqlarda bu problem özünü necə büruzə verir?
- İlk öncə valideyn həkimə övladında olan burun tıxanıqlığı, ağzıaçıq yatmaq, xorultu, bəzi hallarda nəfəsin bir neçə saniyəlik dayanması şikayətləri ilə müraciət edir. Araşdırma zamanı bu uşaqların tez-tez virus xəstəliklərinə tutulması, burundan qatı mayenin axması, qulaq ağrıları, eşitmə zəifliyi, uzunmüddətli öskürək kimi şikayətlərinin də olduğu bəlli olur.

- Uşaqları müayinə etmək nə dərəcədə çətindir?
- Təbii ki, böyük insandan fərqli olaraq uşaqları müayinə etmək o qədər də asan olmur, bəzən uşağın kabinetə öyrənməyi və ağxalatlı həkimə etibar qazanmağı üçün valideynlə danışaraq sanki uşaq müayinəyə yox, söhbət etməyə gətirilib kimi təəssürat yaradılmağında fayda var. Etibar qazanıldıqdan sonra uşaq özü də bilmədən müayinə stoluna əyləşir. Ancaq etiraf edək ki, bütün uşaqlarda bu metodlar keçərli deyil.

- Müayinə necə aparılır?
- Adenoid vegetasiyası (burun əti) şübhəsi olan uşağın burnuna nazik endoskopla baxılır, görüntü ekranda həkim tərəfindən dəyərləndirilir və valideynə adenoidlərin ölçüsü barəsində məlumat verilir. Qeyd edim ki, endoskopik müayinə zamanı valideyn özü də ekranda görüntünü müşahidə edə bilir.

- Hansı hallarda cərrahi əməliyyata ehtiyac olur?
- Əməliyyata göstəriş olan əsas şərt yuxarıda sadaladığımız şikayətlərin olmasıdır. Bundan əlavə, endoskopik müayinənin nəticəsi də yüksək əhəmiyyət kəsb edir. Əgər adenoid toxuması 3-cü dərəcə olarsa əksər hallarda əməliyyat olunmalıdır. 1-ci dərəcə adenoidlər əməliyyata göstəriş deyil, 2-ci dərəcə olarsa şikayətlərə bağlı olaraq ya müalicə olunur ya da əməliyyat.

- Əməliyyat narkozla olur, yoxsa əvvəlki kimi uşağın əl-qolu bağlanılaraq?
- Mütləq ümumi narkozla icra edilir, çünki yerli keyitmə zamanı uşağın psixoloji durumuna əməliyyat ciddi problem yaratmış olur. Əməliyyat 10-15 dəqiqə çəkir. Müasir tibbi cihazların istifadəsi əməliyyat vaxtını və qanaxma riskini azaldır. 3-4 saat klinika şəraitində nəzarətdən sonra uşaq evə buraxılır.

- “Burun əti”əməliyyatında müasirlik nədən ibarətdir?
- Hal-hazırda adenoidlərin ən müasir yolla çıxarılması üçün endoskopik şeyver adlanan üsuldan istifadə edilir. Bu metodun əsas üstünlüyü ağırlaşma ehtimalının minimuma endirilməsindən ibarətdir. Endoskopik şeyver adenotomiyadan sonra adenoidlərin təkrar əmələ gəlmə ehtimalı adi yolla aparılan adenotomiyadan dəfələrlə azdır.

- Bəs hansı hallarda əməliyyat yox, müalicə etmək olar?
- Bunu həkim şikayətləri dinlədikdən və müayinə etdikdən sonra qərar verməlidir, həm də uşağın yaşı da bu patologiyada önəmlidir. Əgər 11 yaşlı uşaqda 2-ci dərəcə adenoid varsa və şikayətləri o qədər də kəskin deyilsə, müalicə yazılmağı daha məqsədəuyğundur.

- Burun əti əməliyyat olunmadıqda nə kimi fəsadları olur?
- Ürək və qan damar sistemi xəstəlikləri, diş formasının pozulması, çənə sümüyünün inkişafdan qalması, eşitmə azlığı və s. kimi sonradan qarşısı alınmayan ağırlaşmalara səbəb ola bilir. Bu patologiyaların yaranmaması üçün vaxtında mütəxəssisə müraciət etmək lazımdır. Düzgün aparılan müayinə və müalicə nəticəsində burun ətinin uşaqda ağırlaşma verməsinin qarşısı alınacaq və sağlam böyüməsinə imkan yaradacaq.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *