Yağış yağandan sonra paytaxt küçələri niyə gölə çevrilir? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Yağış yağandan sonra paytaxt küçələri niyə gölə çevrilir? – SƏBƏB + VİDEO

Yağış yağandan sonra paytaxt küçələri niyə gölə çevrilir?


Səbail rayonu, şəhid Arif İsmayılov adına küçənin vəziyyəti göz qabağındadır. Nə az, nə çox - düz on ildir sakinlər bu acınacaqlı durumda yaşayır. Yağış yaşan kimi kanalizasiyalar daşır, küçələr keçilməz vəziyyətə düşür.

Aznews.info APA TV-yə istinadən xəbər verir ki, bu səbəbdən uşaqlar təkbaşına bu yoldan keçib dərsə gedə bilmirlər. Yağış suları həm sakinlərə, həm sürücülərə, həm də avtomobillərə ciddi çətinliklər törədir.

Sakinlərin şikayətlərini dinləyirik:

- Saatlarla uşaqlı-böyüklü yolda qalırıq. Kanalizasiya sistemi olmadığından, yağış küçələri gördüyünüz vəziyyətə qoyur. Bu küçə şəhid Arif İsmayılovun adını daşıyır. Heç olmazsa, onun ruhuna hörmət qoysunlar. Burada qarşıdan keçməyə hətta yol keçidi və işıqforlar da yoxdur.

- Arif İsmayılov küçəsində on minə yaxın ev var. Nə qədər maşın təmir etdirmək olar? Dəfələrlə şikayət etmişik. Amma nə faydası? Gəlib üzdən asfalt çəkirlər, 2 aydan sonra bərbad günə düşür. Bura təkcə asfalt örtüyü çəkilməməlidir, drenajlar qurulmalıdır ki, yağış suları axıdılsın. Kanalizasiya sistemi də yoxdur, yuxarı küçələrdə vəziyyət daha acınacaqlıdır.

- Bu problem azmış kimi nə yol keçidi var, nə də işıqfor. Dəfələrlə qəzalar olur, ölüm olur, piyada vurulur. Təcili yardım çağırırıq məhəlləyə, yolların bu vəziyyətinə görə əraziyə girə bilmir. Qonşuların da dediyi kimi, uşaqları aparıb-gətirmək belə olmur.

Bayıl qəsəbəsi və “20-ci sahə” yaşayış massivində Arif İsmayılov küçəsinin sakinlərinin xahişini nəzərə alıb, digər ərazilərə də baş çəkirik. Məhəllədaxili yollar o qədər bərbad durumdadır ki, hətta taksilər belə bu əraziyə sifariş götürmür.

- Taksi də işləmir. Dərdimiz, şikayətimiz də bu yol problemidir. Uşaqlar dərsə gedə bilmir. 1994-cü ildən bu məhəllədə yaşayıram. Dəfələrlə şikayət etmişik, gəlib torpaq tökürlər, yağış da torpağı yuyub aparır.

- Bir az soyuq olan kimi evlərə mavi yanacaq belə verilmir. Yollar bu gündə. Evdə dörd körpə uşağım var. Nə qaz verilir, nə daimi su verilir, nə də işıq.

Səbail rayonunun Yüzbəy Mürsəlov küçəsində durum da Adil İsmayılov küçəsindən fərqlənmir. Məhəllədaxili yollar, gördüyünüz kimi gölməçələrin altında alıb. Gördüyünüz uşaqlar bu bataqlıqlardan keçib məktəbdən evə qayıdırlar. Məhəllədə ayaq basmaq üçün asfalt örtüyünə belə rast gələ bilməzsiniz.

Aramsız yağışa baxmayaraq, ərazini qarış-qarış gəzdik. Gördüklərimizi kameranın yaddaşına köçürdük. Bu gördüyünüz kadrlar Bayılın Gülbala Əliyev küçəsi, 24 ünvanında çəkilib.

- Günümüz-güzəranımız belədir. Biz bu yolların təmirindən başqa heç kimdən, heç nə istəmirik. Yaşamaq mümkün deyil. Yağış su motorunu zədələyib. Kanalizasiya işləmir. Gedək baxın, ev suyun altında qalıb. İkinci qrup əliləm. Səsimi eşidən yoxdur.

- Bəli, gördüyünüz kimi, bu küçədə artıq normalla ayaqqabılarla gəzmək mümkünsüzdür. Mən ayaqqabılarımı dəyişib, evi su altında qalan sakinlərə baş çəkirəm.

Gülbala Əliyev küçəsinin sakinləri deyir ki, yağış yağanda bura, hətta avtobuslar belə işləmir:

- Saatlarla yollarda qalırıq. Avtobuslar işləmir. Dəfələrlə küçəni sakinlər özü təmir etdirib. Buna baxmayaraq, problemimizlə maraqlanan yoxdur.

- Təkcə bu küçənin 30 min sakini var. Dəfələrlə Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Amma biganəlik bu gün də davam edir.

Gülbala Əliyev küçəsində yaşayan sakinlərinin şikayəti ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Vüqar Məmmədov bildirib ki, sözügedən ərazidə 200 millimetrlik kanalizasiya borusu var. Amma sənədsiz evlərin sayı artdığından, yağış yağanda suötürücülərinin gücü suyu ötürməyə çatmır. Səbail Rayon İcra Hakimiyyəti güclü yağışlar yağanda suyun çəkilməsi üçün ora maşınlar göndərir. Ərazidə evlərin su altında qalması məsələsinə gəldikdə isə Vüqar Məmmədov qeyd edib ki, həmin evlər Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin balansındadır. İcra hakimiyyəti bununla bağlı dəfələrlə komitəyə müraciət edib.

Bu açıqlamanın sakinləri nə dərəcədə qane edəcəyini bilmirik. Amma səbəbindən asılı olmayaraq, şahid olduğumuz görüntülərin bir paytaxt şəhərinə yaraşmadığını, yəqin ki, reportajı izləyən hər kəs təsdiqləyə bilər. Ümidvarıq ki, müvafiq qurumlar sakinlərin problemləri ilə daha yaxından maraqlanacaq və minlərlə insanın üzləşdiyi yol və kanalizasiya problemini həll etməyə çalışacaqlar.


Mənbə: APA TV
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *