Tankla əzilən 146 türk, qanlı erməni xülyası, “getməyən üz qarası”... » AzNews.info -Xəbər portalı

Tankla əzilən 146 türk, qanlı erməni xülyası, “getməyən üz qarası”... – TARİXİN SANDIĞINDAN

Tankla əzilən 146 türk, qanlı erməni xülyası, “getməyən üz qarası”...


Boraltan bir körpüdür, aşar keçər Arazı,
Yusan Araz suyuyla, getməz üzün qarası...


Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbəri olduğu partiyanın bir müddət əvvəl keçirilən toplantısındakı çıxışında İ. İnönünün təkpartiyalı hakimiyyət illərində 146 azərbaycanlını SSRİ-yə təslim etməsini gündəmə gətirdi. Bundan sonra Türkiyədə Ərdoğana yaxın media İnönü hakimiyyətini və Cümhuriyyət Xalq Partiyasını (CXP) xəyanətdə ittiham etməyə başladı. Hətta “Türkiyənin Azərbaycana xəyanəti” adlı başlıqlar çıxarıldı. 146 azərbaycanlının SSRİ-yə təslim edilməsini və Qars sərhədindən Boraltan körpüsünü keçən kimi onların sovet əsgərləri tərəfindən güllələnməsi hadisəsini qabartmağa başladılar. Bu mövzu ilə bağlı araşdırma aparmağa başlayanda rastıma çıxan mənbələrin əksəriyyətinin ermənilər tərəfindən yazıldığının şahidi oldum. “Niyə erməni mediası və yazarları bu məsələni daha çox qabardırlar” sualına, əlbəttə, ilk baxışdan iki dövlət arasında nifaq salınmasına xidmət etdikləri cavabını verərsiz. Lakin əsl həqiqət budur ki, həmin faciənin kökündə erməni diasporunun Türkiyəyə ərazi iddiaları, bu hadisədə SSRİ rəhbərliyində olan şəxsləri öz məqsədləri üçün istifadə etmələri və II Dünya Müharibəsindən sonrakı siyasi proseslər durur. Belə çıxır ki, məhz bu səbəbdən Türkiyə SSRİ kimi nəhəng bir dövlətlə üz-üzə gəlməməsi, Qarabağ, Naxçıvan və Türkiyənin bir hissəsinin Ermənistana verilməməsi üçün 146 soydaşımızın qurban verilməsinə razı olub...

***

1938-ci ilin 10 noyabrında Atatürkün vəfatı Sovet-Türkiyə münasibətlərində
başlanmış soyuqlaşmanı daha də dərinləşdirdi. Atatürkün vəfatından sonra, 11 noyabr 1938-ci ildə İsmət İnönü Türkiyə Böyük Millət Məclisində ölkənin ikinci prezidenti seçildi. Bununla yanaşı, CHP-yə sədr gətirildi. CHP-nin 26 dekabr 1938-ci ildə keçirilən I Fövqəladə Qurultayında İnönü partiyanın “dəyişməz sədri” seçilib və ona “Milli Şef” ləqəbi verilib. İ.İnönü 12 il (1938-1950-ci illər) Türkiyə Cümhuriyyətinə prezidentlik edib. Bu dövrdə Türkiyənin xarici siyasətinin çıxış nöqtəsini ölkəni müharibədən, hərbi əməliyyatlardan kənar saxlamaq, təcavüzün dəf edilməsi üçün etibarlı müdafiə sistemi qurmaq və bu sistemi beynəlxalq müqavilələrlə möhkəmləndirmək təşkil edirdi.

Ötən əsrin 45-50-ci illərində İkinci Dünya müharibəsindən qalib çıxmış SSRİ beynəlxalq nüfuzunun artmasından istifadə edərək öz təsirini bütün dünyaya, xüsusilə də Yaxın Şərq bölgəsinə yaymağa çalışırdı. Bu zaman həmin bölgədə yaşayan erməni diasporunun nümayəndələri öz xislətlərinə uyğun ikitərəfli siyasət yeritməyə başladılar. İdeyaca kommunizmə yaxın olan sosial-demokrat “Hnçak” partiyası SSRİ-nin bu səylərinə dəstək verməyə, milliyyətçi Erməni İnqilabi Federasiyası isə Ermənistan SSR-in müstəqilliyi tələbi ilə çıxış etməyə başladı. Habelə Erməni Apostol Kilsəsində də parçalanma baş verdi. Belə ki, ermənilərin 2 katolikosu var idi. Onlardan biri Ermənistanda, Eçmiədzində fəaliyyət göstərirdi və Sovet hakimiyyəti, “Hnçak” təşkilatı tərəfindən, Livanda yerləşən digəri isə “Daşnaksütyun” tərəfindən dəstəklənirdi. Daşnaklar Eçmiədzin Kilsəsini qəbul etmək istəmir və onu kommunist rejiminin əlində təbliğat aləti hesab edirdilər. Hətta 50-ci illərdə tərəflər arasında silahlı toqquşmalar, sui-qəsd cəhdləri baş vermişdi.

Qarsdan Təbrizəcən - Sovet Ermənistanı da daxil olmaqla – “Böyük Ermənistan” yaratmaq haqqında fikirlər SSRİ rəhbərliyində təmsil olunan ermənilərlə Amerika erməniləri milli şurasının birgə planı idi. Bu plana uyğun olaraq Sovet hökuməti üçün Mosul neftindən yararlanmaq təklifi irəli sürülmüş, buna isə yalnız erməni və kürd məsələlərinin həllindən sonra nail olmağın mümkünlüyü bildirilmişdi. Artıq o zaman SSRİ-də İ.Baqramyan - Sovet İttifaqı Marşalı, SSRİ Müdafiə Nazirinin müavini, A.Babacanyan - Sovet İttifaqı Qəhrəmanı, Baqyan - Sovet İttifaqı Qəhrəmanı General mayor və SSRİ dövlət xadimi, siyasət adamı Anastas Mikoyan var idi.

Bu fonda artıq SSRİ-Türkiyə münasibətləri gərginləşməkdə idi. Bu gərginliyin birinci səbəbi Türkiyənin II dünya müharibəsindən sonra mühacirlərə, xüsusən azərbaycanlılara və alman orduları tərəfində vuruşan türk əsilli sovet vətəndaşlarına qucaq açması idi.
1945-ci il fevral ayının 4-də ABŞ, Böyük Britaniya, sovet dövlətlərinin iştirakı ilə Krımda keçirilən məşhur Yalta konfransında qərara alındı ki, II Dünya müharibəsi başa çatır, müharibə bitəndən sonra hər bir dövlət digər dövlətin vətəndaşını ona qaytarmalıdır. Yəni, İngiltərə sovet vətəndaşını sovet dövlətinə, Sovet dövləti İngiltərə vətəndaşını İngiltərəyə qaytarmalı idi.

O zaman adıçəkilən qərar əsasında Türkiyə ABŞ və Böyük Britaniyanın təsiri altında, eyni zamanda Sovet dövlətindən ehtiyatlanaraq, gərginlik yaşanmaması üçün onun ərazisinə gələn sovet vətəndaşlarını verməli idi. Lakin Türkiyədə milli qüvvələr bunun əleyhinəydilər, türklərin sovetlərə təhvil verilməsinə qarşı çıxırdılar. Digər tərəfdən, Türkiyə etibarlı və güclənən dünya dövləti kimi tanınırdı, Almaniyaya siyasi dəstək verir və ən əsası, rəqib ABŞ-ı strateji coğrafiya olaraq özünə cəlb edirdi. Bu səbəbdən də Stalin Türkiyəyə hərbi güclə müdaxiləyə hazırlaşmaqla bərabər, siyasi-ideoloji, hədələyici-təhdidedici planlar, təxribat və pozuculuq işləri başlanmasına əmr verir.

Stalin bu məqsədi üçün ermənilərdən istifadə etməyə qərar verir və eyni zamanda kürdləri də bu prosesə qoşur. Türkiyəni “soyqırımda” ittiham etmək, Sovetlərin yeni formalaşması dövründə Türkiyənin onları aldadaraq Sovet Ermənistanının “əsas torpaqlarını” vermədikləri və “Kürdistan” adlanan dövlətin qurulması Stalinin planına xidmət edən ittihamlar idi. 1944-cü ilin əvvəllərindən başlayaraq, Sovet ordusunun cəbhələrdə qələbəsi SSRİ-nin Türkiyəyə təzyiqlərinin artması ilə müşayiət olunurdu. Sovet xüsusi xidmət orqanları, kəşfiyyat idarələrinin Türkiyə haqqında topladığı materiallar indi artıq ona qarşı müxtəlif təzyiq imkanlarını əldə etmək xarakteri daşıyırdı.

Stalin İsmət İnönünün 1941-ci ildə Almaniyanın sovetlərə hücum edəcəyi barədə xəbərdarlıq etməsini belə unudaraq, ona qarşı aqressiv mövqedə dururdu. 1944-cü ilin payızında Boğazlar rejiminə dair Montrö sazişinin dəyişdirilməsi Türkiyəyə münasibətdə Sovet İttifaqının siyasətinin çıxış nöqtəsini təşkil edirdi. 1945-ci ilin aprel ayında 1931-ci ildə imzalanan “Bir-birinə hücum etməmək haqqında” SSRİ-Türkiyə müqaviləsinin ləğv edilməsi haqqında fərman verilir. Bunun ardınca Stalin Potsdam konfransında aşkar surətdə Türkiyədən Ermənistana və Gürcüstana torpaq verilməsi tələbi ilə çıxış edir. Bosfora və Dardanelə Sovetlərin nəzarət edilməsinin tələbi ilə çıxış edən Stalin 30 hərbi birliyi Türkiyə sərhədinə tərəf toplanmasını əmr edir.

Ermənilər bu məqamdan istifadə edərək guya xaricdən çoxlu sayda erməninin Ermənistana gəlmək istəməsi və onların yerləşdirilməsi üçün ərazilərin kifayət etməməsi və bunun üçün də oradan azərbaycanlıların çıxarılıb Azərbaycana göndərilməsinin zəruriliyi haqda Moskva rəhbərliyi qarşısında məsələ qaldırdılar. Erməni planına görə, Türkiyənin qarşısını yalnız onlara qarşı qisas hissi bəsləyən ermənilər ala bilərdilər.
Belə gərgin bir dövrdə SSRİ-Türkiyə müharibəsinin qarşısının alınması üçün diplomatik danışıqlar gücləndirildi. Türkiyədə mediada SSRİ əleyhinə heç bir xəbərə imkan verilmirdi. Mətbuat yayım direktoru Səlim Sarper ilə görüşən Sovet İttifaqının Türkiyədəki səfiri Vinoqradov, Stalinin hücum etməmək barədə müqaviləni yenilənəcəyini xəbər verir. Onların arasında belə bir dialoq gedir:

- Siz də Sovetlər Birliyinə bir jest edin deyir.

- Nə edək?

- Sizdəki Sovet vətəndaşları olan vətən xainlərini bizə verin.

- Onda bizdə sizdən bizim vətənə xəyanət edənləri istəyirik... (SSRİ-yə qaçan 15 kommunist – Z.Ə.)

Səlim Sarper Çankaya sarayında vəziyyəti Prezident İsmət İnönüyə çatdırır və deyir ki, biz bu addımı atmasaq, Türkiyə müharibə ilə üzləşəcək, Ermənistana ərazilər veriləcək. O zaman Türkiyədə sığınacaq alan 1100 nəfərin içərisindən bir qrupunu seçib Sovetlərə təhvil vermək Səlim Sarperə həvalə edilir. Seçilən 417 nəfərin çoxu azərbaycanlılar və tatarlar idilər. Ahsıka türkləri də var idi o siyahıda...

HAŞİYƏ: O zaman adıçəkilən qərar əsasında Türkiyə ABŞ və Böyük Britaniyanın təsiri altında, eyni zamanda Sovet dövlətindən ehtiyatlanaraq, gərginlik yaşanmaması üçün onun ərazisinə gələn sovet vətəndaşlarını SSRİ-yə təhvil verməyə başladı. Türkiyə ərazisinə gələn Azərbaycan vətəndaşları o zaman müharibədə əsir düşən və yaxud könüllü şəkildə almanların tərəfinə keçən legionerlər idi. Həmin legionerlər Türkiyəyə pənah gətirmişdilər, amma həmin Krım müqaviləsinə əsasən, Türkiyə dövləti onları SSRİ-yə təhvil verməyə məcbur idi. Türkiyədə bilirdilər ki, əsirlər təhvil veriləndən sonra onlar SSRİ tərəfindən ya güllələnir, ya da çoxları ömürlük, yaxud 25 illik Sibirə göndərilirdi. Bunu bilən soydaşlarımızın 128 nəfəri Amerika nəzarətində olan ərazidə, Vyana yaxınlığındakı düşərgədə qaldıqları taxta evə od vurub, diri-diri yanaraq intihar etmişdilər. (Qeyd: yalnız ermənilər istisnaydı - 3600-4000 min nəfər olduğu deyilən erməni legionerlərdən biri də SSRİ-yə qaytarılmadı və onlara istədiyi ölkəyə keçmək azadlığı verildi).

Türkiyədə eyni zamanda ruslar və azərbaycanlılardan siyasi sığınacaq almağa gələnlər də var idi. Azərbaycanlılar Yozqatda, ruslar isə Manisada düşərgədə saxlanılırdı. Berlinin işğalından sonra burda yaşayan və oxuyan, içərisində azərbaycanlı mühacirlər də olan çox sayda şəxs Türkiyəyə gəlmiş idilər.

“Əsirləri dərhal geri qaytarın!” - İsmət İnönünün bu əmrini eşidən azərbaycanlılar belə deyirlər: “Xahiş edirik, bizi o qəddar düşmənlərə təslim etməyin, bizi siz öldürün. Öz vətənimizdə, öz bayrağımızın altında öldürün”.

Yozqatda düşərgədə saxlanılan və azad edilən Bayram Qara adlı azərbaycanlı xatirəsində yazır: “Biz Rusiyaya təhvil veriləcəyimiz barədə xəbəri gecədən öyrənmişdik. Səhərə qədər yatmadıq. Nə edəcəyimizi bilmirdik. Səhər podpolkovnik Əbdürrəhman Öncür məni çağırıb, qəhvəyə qonaq etdi və dedi: “Oğlum, müharibə qurtardı. Neçə ildir, bizim əsgərlərimizlə birlikdə yediniz, içdiniz, qaldınız. İndi sizi hökumət sərbəst buraxır. Türkiyədə qalan qalsın, başqa dövlətlərə getmək istəyən başqa dövlətlərə getsin. Artıq sərbəst buraxılacaqsınız. Ancaq səndən xahişim budur ki, hamıya səslən. Hamısını yığ, de ki, hamı günorta vaxtı saat 12:00-də əşyaları ilə birlikdə hazır olsun. Sizi aparmağa gələnə qədər imkan olduqca dostlarından kimi bacarırsansa, götür, aradan çıx..."

Qaçan qrupda 34 nəfər olub. Onlardan Qədim, Bayram, Mahmud, Nadir, Abbas, Rza, Əli, Məmməd, Allahverdi, Möhsün, Aydın, Abdullah, Cəfər, Surxay, Məmməd İbrahim, Hacı, Paşa, Nuri, Musa, Mahmud Aslanın adı məlumdur.

Ankaradan verilən göstərişdən sonra hərbi hissənin komandiri qaçmağa imkanı olmayan 200 şəxsi Sovet İttifaqına təslim etmək məcburiyyətində qalır. Təslim etmək üçün aparılanlar yolda onlara verilən yeməkdən imtina edirdilər. Ərzurumda da yemək veriləndə, günlərdir ac-susuz olmalarına və Süheyl adlı zabitin israrlı xahişlərinə baxmayaraq, yemək yemirlər. Verilən yeməyi qatardan çölə atırlar. Komandir onların bu hallarına dözə bilməyib, ağlayır. Dustaqlar arasından özbək əsilli bir müəllim qışqırır: "Biz ana vətənimiz deyib sizə sığındıq. Bizi niyə rusun əlinə verirsiniz? Nə etdik sizə də, kafir əlinə təslim edirsiniz?”

Bundan sonra həmin özbək və 11 rus qatarın dəmir barmaqlıqlarını kəsib, yolda qaçırlar. Azərbaycanlılar isə qaçmaqdan imtina edirlər. Azərbaycanlılar ciblərində olan pulları, geyimlərini qatarın pəncərəsindən yerə tullayır, ruslarla qismət olmasını istəmirdilər.


Qrupun 80 nəfəri Azərbaycan türkü olub. Digərləri özbək, qırğız, qazax, Ahıska türkü, gürcü və ruslardan ibarət olub. Təslim prosesində iştirak edən zabitlərdən biri həmin anları belə xatırlayır:

“Sovet əsgərləri Boraltan körpüsünü keçib onlarla təslim edilənlərin başlarını örtdülər. Düz bir talaya apardılar. Gümrü tərəfdən bir avtomobil gəldi və ordan iki şəxs düşdü. Gəncləri toplayıb, əllərini qollarını yelləyərək, bir şeylər danışdılar. Amma nə danışdıqlarını başa düşmədik. Yarım saatlıq bir söhbətin ardından Gümrü tərəfdən üç tank çıxdı. Hamısını üç sıraya düzdülər. Yalnız iki qadını ayırıb, avtomobillə göndərdilər. Tanklarla əlləri bağlı insanların üzərindən keçərək, onları vəhşicəsinə əzməyə başladılar. Qaçmağa çalışanları əsgərlər güllələyirdilər...”

Onların təxminən 146 nəfərinin Sovet dövlətinə verildikdən sonra güllələnməsi haqqında məlumat Türkiyə cəmiyyətinə və ictimaiyyətinə çatdırıldı, bu da böyük etiraz doğurdu. Bir qədər keçəndən sonra ABŞ və Böyük Britaniya həmin əsirlərin SSRİ tərəfindən güllənməsini bildikdən sonra rəsmi şəkildə sovet dövlətinə etirazını bildirdilər.

Qeyd edim ki, İsmət İnönünü bu addımı atmağa məcbur edən 16 mart 1921-ci il tarixli Moskva Müqaviləsinin 8-ci maddəsi idi. Bu maddə pozulsaydı, Türkiyə parçalanacaqdı. Müharibəyə sövq ediləcəkdi. Bu hadisədən sonra SSRİ və Türkiyə arasında gərginlik azalmağa başlandı. Daha sonra ikitərəfli səfərlər başladı, dostluq müqavilələri imzalandı. Üçüncü dünya müharibəsi 146 türkün qanı sayəsində dayandı. Ermənilərin Türkiyədən torpaq almaq arzuları gözlərində qaldı. Dağlıq Qarabağ və Naxçıvan Azərbaycan ərazisi kimi qaldı.

İllər keçdi, bu əhvalat bir ağıya döndü və indiyədək dillərdədir:

Boraltan bir körpüdür, aşar keçər Arazı,
Yusan Araz suyuyla, getməz üzün qarası.
Düşmən gözlər qarşıda, önünə qatdı məni,
Can alınan bazarda qardaşım satdı məni.
Dönüb səsləndim geri, mərhəmətsiz birinə,
Məni siz vursaydınız, bu kafirin yerinə...

Bu hadisənin şahidi olan Türkiyə sərhəd məntəqəsinin rəisi evinə döndükdən sonra gördüklərinə dözə bilməyərək, intihar edib...

***

...Bu hadisədən sonra M.Bağırov 21 oktyabr 1945-ci il tarixdə Bakı hərbi dairəsinin komandanı, ordu generalı İ.İ.Maslennikova və eyni zamanda L.P.Beriyaya məktub yazır və öz narahatlığını bildirir. M.C.Bağırov Türkiyə ərazilərinin sovet Ermənistanına birləşdirilməsinin məqsədəuyğun olmadığını qeyd edərək, İraqdakı neft yataqlarına Cənubi Azərbaycan və İran Kürdüstanı vasitəsilə Mosula yiyələnərək çıxmağın daha əlverişli olduğunu vurğulayır. Və bundan sonra hadisələr tam başqa coğrafiyada davam edir...

Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *