Xocalı faciəsi, erməni vəhşiliyi və meyitləri kimlərin təhqir etməsi iddialarına CAVAB » AzNews.info -Xəbər portalı

Xocalı faciəsi, erməni vəhşiliyi və meyitləri kimlərin təhqir etməsi iddialarına CAVAB – VİDEO

Xocalı faciəsi, erməni vəhşiliyi və meyitləri kimlərin təhqir etməsi iddialarına CAVAB


Heç kimə sirr deyil ki, Xocalıda ermənilər qətliam törədib. Bu qətliamda ermənilərlə yanaşı Rusiyanın 366-cı mot-atıcı alayı da iştirak edib. Ermənilərin Xocalını işğal edəcəyi gözlənilirdimi? Bəli. Xocalı tamamilə mühasirəyə alınmışdı. O zaman bunu Azərbaycanın rəhbər şəxsləri də bilirdi. Hətta baş verə biləcək faciənin qarşısını almaq üçün prezident Ayaz Müətəllibov 1992-ci il feral ayının 22-də hazırki millət vəkili Araz Əlizadəni Moskvaya Yeltsinlə görüşə göndərir. Görüşdə 366-cı alayın Dağlıq Qarabağdan çıxarılması ilə bağlı razılıq əldə edilməli idi. Fevralın 25-də görüş zamanı razılıq əldə edilir, Yeltsin müqavilənin hazırlanması üçün Şapşnikov və Qraçova göstəriş verir və bildirir ki, günün ikinci yarısında ona məruzə etsinlər. Günün ikinci yarısında bütün sənədləri hazırlayıb Yeltsinin yanına gələndə, Yeltsin işləyə biləcək vəziyyətdə olmur, yəni sərxoş olur. Görüş təxirə salınır və fevral ayının 26-sı səhər saatlarında müqavilə imzalanmalı olur. 25-dən 26-sına keçən gecə Şapşnikov Araz Əlizadəyə zəng edib deyir ki, Xocalıda qətliam törədilib. Fevral ayının 26-da Yeltsinlə müqavilə bağlandıqdan sonra 366-cı alay Dağlıq Qarabağ ərazisini tərk edir. Bu müqavilənin imzalanacağı barədə məlumatı ermənilərə ötürməkdə ittiham edilən Burbulis, Staravoytova, Şaxray Yeltsin tərəfindən vəzifədən kənarlaşdırılırlar. Bu şəxslər ermənilərin Yeltsinin ətrafındakı əsas qüvvələri sayılırdı.

Gələk Çingiz Mustafayevin reportajına...

Çingiz Mustavayevin Xocalıda çəkdiyi kadrlarla bağlı reportajında belə deyilir: Xocalı faciəsini Ali Sovetin komissiyası araşdırıb, ancaq faciənin qaranlıq səbəblərini xalq bilmir və bizə elə gəlir ki, heç zaman da bilməyəcək. Ona görə ki, faciənin bütün şahidləri aramızdan gedib. Çingiz Fuad Oğlu Mustafayevdən başqa. Çingiz Mustafayev danışır: "Bu veriliş dünən efirə gedə bilərdi. Ad qoydular ki, veriliş milli ordunun əleyhinədir, ancaq onlar bilirdilər ki, bu veriliş nəhayət xalqa çatdırılacaq".

Reportajdan: Tamerlan Qarayevin dediyinə görə, Xocalı faciəsi ilə bağlı bildiklərini desə, hətta dili yanar. Lakin Qarayevdən fərqli olaraq Çingizin və davamçılarının dili yanmır. Bildiyiniz kimi, Çingiz faciəni iki dəfə çəkib. Birinci və ikinci çəkilişlər arasında böyük fərq var. Birinci dəfə gedənlər arasında Çingiz yeganə jurnalist idi, ancaq getməməli idi. Onun vertolyota minməyi haqqında heç kim heç nə bilmirdi. Sadəcə olaraq əsgərlər hadisə yerindən bir neçə meyit gətirməli idilər. Çəkilən meyitlər Xocalıdan daha çox Ağdama yaxın idilər. Cəsədlərin arasını gəzən, vertolyotu görüb qaçan adamları görəndə Çingizdə şübhə yarandı. Onlar erməni deyildi. Bir neçə sual doğur; O adamlar vertolyotsuz oraya necə düşüblər? Meyitləri nə üçün və haraya daşıyırlar? Əgər yol var idisə, bu qurbanları heç kəs müdafiə etməmişdi? Suallar çox maraqlı idi. Yəqin elə bu səbəbdən təsadüfən Çingizi hadisə yerinə gətirən vertolyot onu unudub getmək məcburiyyətində qalmışdı. Çingizin birinci gəlişi və çəkilişində cəsədlər eybəcər hala salınmayıb. Necə var, elə idi. İkinci dəfə təşkil edilmiş səfər dünya jurnalistlərinə ermənilərin vəhşiliklərini nümayiş etdirmək məqsədi güdürdü. Yəni, baxın, görün dinc əhalini erməni quldurları nə kökə salıb. Çingizin kamerası bu dəfə də hər şeyə göz qoyurdu.

Reportajda bir cəsəd göstərilir və Çingiz deyir, bunu mən dünən çəkmişdim, belə bir şey yox idi, bunu bir günə kim etdi?

Bu reportaj heç şübhəsiz birbaşa ermənilərin əlinə oynayır. Və ermənilər dərhal saxta sənəd taparaq ortaya qoyurlar ki, vəhşiliyi biz yox, Azərbaycan özü edib. İnformasiya müharibəsində ermənilər məhz bu reportajı dəlil gətirərək cəsədlərin biz tərəfindən tanınmaz hala salındığını deyirlər.

İllər sonra bu reportajı Sevinc Osmanqızı ictimailəşdirir. Səbəb? "Facebook" səhifəsində özü haqqında vətənpərvər yazan biri ilin günün bu vaxtı bu iddianı niyə ortaya atır?

Xocalı faciəsi, erməni vəhşiliyi və meyitləri kimlərin təhqir etməsi iddialarına CAVAB


Əvvəla oranı təkcə Çingiz Mustafayev yox, başqa şəxslər də çəkib. Reportajda deyildiyi kimi meyitləri ilk dəfə Çingiz Mustafayev yox, Seyidağa Mövsümov çəkib. Bununla bağlı Seyidağa Mövsümov xatirələrində belə deyir:

"Ağdam batalyonunun komandirlərindən biri Allahverdi Bağırovla Əsgəran yolundakı keçid məntəqəsinə yollandıq. Düşmən tərəflə aparılan danışıqlardan sonra ermənilərin Əsgərandakı batalyonunun komandiri Vitalik adlı bir nəfərlə görüşdük. Allahverdi ona bildirdi ki, biz həm meyitləri götürməli, həm də çəkiliş aparmalıyıq. Vitalik əvvəlcə çəkilişin aparılmasına razı olmadı. Lakin Allahverdinin təkidindən sonra razılaşdı. Bu şərtlə ki, iki erməni silahlısı bizi axıra qədər izləməli, onların icazəsi olmadan heç bir çəkiliş aparılmamalıydı. Razılaşdıq və onların maşınlarına minib Xocalıya doğru irəlilədik. Bizimlə iki yük maşını da getdi. Maşında Xocalı özünümüdafiə batalyonunun bir qrup döyüşçüsü də vardı. Onlar meyitləri yığacaqdılar. Ermənilər mənə xüsusilə nəzarət edirdilər. Avtomatı başıma tuşlamışdılar. Artıq hərəkətə yol versəydim, məni öldürə bilərdilər. Arabir bunu mənə xatırlatmağı da unutmurdular. Ancaq necə deyərlər, ermənilərin öz dilindən tutduğum söz mənim çox köməyimə gəldi. Ağdam batalyonunun komandiri A. Bağırovun erməni Vitaliklə görüşündə Allahverdi ona dedi ki, siz bizimlə döyüşürsünüz, bəs dinc əhalini niyə qətlə yetiribsiniz? Belə hərəkət etməzlər! Vitalik də yalandan cavab verdi ki, bu qırğını biz yox, 366-cı motoatıcı alayın əsgərləri, yəni ruslar törədiblər. Bu alayın əsgərlərinin əksəriyyətinin ermənilərdən ibarət olduğunu bilirdik. Lakin faciəni lentə almaq naminə, A.Bağırov dedi ki, madam siz törətməyibsiniz, demək, bunun sizə dəxli yoxdur. Əgər belədirsə, onda imkan verin çəkiliş də aparaq. Bundan sonra bizə icazə verdilər. Mənə nəzarət edən erməni silahlıları da hərdən mane olmaq istəyəndə Vitalikin sözlərini xatırladırdım. Onda deməyə söz tapa bilmirdilər. Biz Əsgəran körpüsünə çatanda, burada çox dəhşətli mənzərə ilə qarşılaşdıq. Körpünün altı və ətrafı insan cəsədləri ilə dolu idi. Əksəriyyətinin başı kəsilmiş, gözləri çıxarılmış, sifətlərinin dərisi soyulmuşdu. İnsanlar çox qəddarlıqla qətlə yetirilmişdilər. Mən nə qədər cəhd göstərsəm də burada çəkiliş aparmağa imkan vermədilər. Bizimkilər meyitləri yığmağa başladılar. Çox dəhşətli mənzərə idi. Öldürülənlər arasında körpə uşaqlar, qızlar, qocalar çoxluq təşkil edirdi. Açıq-aşkar görünürdü ki, onlar işgəncələrə məruz qalmış, vəhşiliklə qətlə yetirilmişdilər. Bəzi meyitlərinsə ayaqlarına kəndir, məftil bağlayıb maşının arxasınca sürümüşdülər".

Seyidağa Mövsümovun çəkdiyi kadrlar yayımlanmır. Seyidağa Mövsümov bildirir ki, biz orada olanda Çingiz Mustafayevgil vertolyotla gəldilər:

"Çingiz Mustafayev Naxçıvanik tərəfdə çəkiliş aparırdı. Bizimkilər bura vertolyotla gəlmişdilər. Ermənilər vertolyotu atəşə tutdular və heyət aradan çıxdı. Çingiz döyüş meydanında düşmənlə üz-üzə tək qalmışdı. Sonra yaxşı ki, bir nəfər azərbaycanlı pilotun yadına düşür və gəlib Çingizi aparır. Biz yüksəklikdə idik və bütün bunları görürdük: şumluqla iki nəfər ermənilərə tərəf gedirdi. Onlardan biri “Səhər”in müxbiri Şamil Sabiroğlu, o birisi isə xarici jurnalist idi".

Çingiz Mustafayevin çəkdiyi kadrlar üzərində hazırlanan reportajın və özünün dediyinin əksinə olaraq Çingiz Mustafayev orada tək jurnalist olmayıb və o kadrları ondan başqa iki nəfər də çəkib. Çingizin ilk səfəri zamanı da erməni vəhşiliyi görünüb, çəkilib. Ola bilər ki, siz ancaq Çingizin çəkdiyi kadrları görmüsünüz, ancaq orada çəkiliş aparan digər kadrlara baxdıqda aydın görünür ki, ermənilər sözün əsl mənasında vəhşilik edib. Allahverdi Bağırovun, Fred Asifin həmin günlər çəkdirdiyi kadrlarda hər şey açıq aydın görünürdü.

Reportajdakı kadrlardan 3-3, 4-4 hərbçilərin hərəkət etdiyi görünür. Çingiz Mustafayev deyir ki, o əsgərlər bizimkilərdir. Və bunun ardınca Çingiz Mustafayev suallar ünvanlayır: O adamlar vertolyotsuz oraya necə düşüblər? Meyitləri nə üçün və haraya daşıyırlar? Əgər yol var idisə, niyə bu qurbanları heç kəs müdafiə etməmişdi?



Bu suallara bir-bir aydınlıq gətirək.

Əgər yol var idisə, bu qurbanları niyə heç kəs müdafiə etməmişdi?

Cavab:

Xocalı mühasirədə idi. Xocalı camaatı isə Ağdam istiqamətində yox, dağlar və meşələrə tərəf qaçırdı. Səbəb çox sadə idi, ermənilər Ağdama gedən yolun üstündəki Qaraqayanı tutmuşdular. Həmin Ərazidə isə Ala Yaqubun əsgərləri Xoramurdda və 19-cu postda, Əhmədavar rotası isə 18-ci postda dayanırdı. Xocalı camaatına Əsgərən istiqamətindən kömək etmək mümkünsüz olduğu üçün bir qrup döyüşçü xocalılara kömək üçün plan qurur və Qaraqaya əməliyyatına başlayırlar. Bu əməliyyat yuxarı komandanlığın göstərişi olmadan hazırlanır. Əməliyyat barədə həmin əməliyyatın iştirakçısı Cabbarov Orucla söhbətimizdən:

"Xoramurda xəbər verdik ki, onlar o istiqamətdən atışmaya başlasın, 19-cu posta da xəbər verdik ki, Əsgərana tərəf hücum etsinlər. Bunu etməkdə məqsəd ermənilərin diqqətini getmək istədiyimiz yerdən yayındırmaq idi. Öz postumuzdan Qaraqayaya keçdik. Bir neçə nəfəri mən, bir neçə nəfəri də Canpolad Rzayev (Yaqub Rzayevin oğlu) götürdü və Şelli istiqamətində getdik. Orada çoxlu döyüşçü var idi, onlar da Xocalı sakinlərinə kömək etmək istəyirdi, ancaq irəli keçə bilmirdilər.

Şellidən İsgəndər, Xosrov və adını bilmədiyim, ancaq üzdən tanıdığım çoxlu döyüşçü gəldi yanımıza. Şelli uşaqları mənə dedi ki, Oruc, ermənilər camaatı gözümüzün qabağında aparırlar. Onların içərisində dedim ki, Qaraqayaya çıxmaq olar, uşaqlığımız orada qoyun-quzu otarmaqla keçib. Oraya sadəcə döyüşə-döyüşə yox, kəşfiyyat kimi, sakitcə çıxa bilərik. Plan qurduq ki, tam sakit gedib, qabağımıza erməni çıxana qədər güllə atmadan Qaraqayanı götürək. Qaraqayanı götürsək, camaatı Ağdama keçirmək olardı. Allah bizə güc verdi və biz bunu etdik.

Rəhmətlik Samirlə düz Qaraqayanın üstünə qalxdım. Biz Qaraqayanı alandan sonra Canpolad Rzayev tankla irəli keçdi. Biz Qaraqayaya qalxanda Şellidən Yaşarı, İsgəndəri, adını bilmədiyim, ancaq üzdən tanıdığım bir oğlanı ermənilər vurdu, onlar yaralandı. Yaşarla, İsgəndər hələ də sağdır. Biz də, Qaraqayanın üstündə iki erməni qalmışdı, onları öldürüb, Qaraqayanı tam tutduq. O zaman erməni anladı ki, Qaraqayanın, yəni onların başının üstündəyik. Qaraqayanın arxasında ermənilərin bir BTR-i, bir də BMP-si var idi. O zaman bizdə minaatan yox idi. Minaatan olsa idi onları vura bilərdik. Onlar biləndə ki, biz Qaraqayanı tutmuşuq, BTR-i, BMP-ni işə salıb qaçdılar. Bu zaman Canpolad tankla düşdü onların arxasınca. Ora elə bir yer idi ki, təpələr imkan vermədi onları görüm. Ondan sonra Canpoladı görmədim. Sonradan eşitdim ki, erməni BMP-si bizim tankı vurub və Canpolad Rzayev orada şəhid olub".

Döyüşçülər öncə elə bilib ki, camaat özü qaçır, ancaq sonradan məlum olub ki, xocalıları əsir aparırlar:

"Kolun arxasından bir qız dedi ki, qardaş, yoldaşını vurdular, səni də vuracaqlar. Elə onda mənə çatdı ki, ermənilər camaatı aparırlar. Sonradan camaat bizə dedi ki, onları aparan ermənilər camaata deyirmiş, kim desə bizi aparırlar onları öldürəcəyik. 3-4 nəfər bizə deməyə cəhd edib, onları yerindəcə güllələyiblər. Heç kim də durub yerini bildirə bilməyib ki, biz buradayıq. Qışqırdıq ki, biz Ağdam uşaqlarıyıq, Ala Yaqubun, Allahverdinin uşaqlarıyıq. O zaman Allahverdi ilə Ala Yaqubu hamı tanıyırdı. Qışqırdıq ki, qorxmayın, kimsə varsa çıxsın. Biz gəlmişik sizə köməyə. Elə bil camaat yerdən əmələ gəldi. Nə qədər insan ortaya çıxdı. Çıxanlar dedi ki, qardaş, qorxmayın, bizi aparan 5-6 ermənidir. Camaatın hamısını çıxardıq kənara. Qaraqayaya çatanda Allahverdinin, Ala Yaqubun, Fred Asifin uşaqları camaatı yığdı bir yerə. Onlara kömək etməyə başladılar. Sonra onların hamısını göndərdik Ağdama".

Qaraqaya əməliyyatı nəticəsində 200-ə yaxın insan əsirlikdən azad edilir, 100-dən çox meyit Ağdama gətirilir.

Meyitləri nə üçün və haraya daşıyırlar?

Cavab:

Yuxarıda deyildiyi kimi, meyitləri Ağdama daşıyırdılar. O dövrü xatırlayanlar yaxşı bilir ki, Xocalı camaatının sağ qalanlarına Ağdam camaatı qalmağa yer verdi, meyitlər isə Ağdam məscidində yuyularaq torpağa tapşırıldı. 1992-ci ildə 6 yaşım olsa da, yadımdadır ki, bizim kəndimizə də Xocalı sakinləri gəlmişdi, bir ailə isə Ağdam işğal olana qədər nənəmgildə yaşadı.

O adamlar vertolyotsuz oraya necə düşüblər?

Cavab:

Əslində Çingizin verdiyi bu suala yuxarıda tam aydınlıq gətirilib. O adamlar Qaraqaya əməliyyatını həyata keçirərək, Qaraqayanı ermənilərdən alıb, Xocalı sakinlərinə kömək ediblər.

Çingizin verdiyi suallar barədə Qarabağ qazisi Rey Kərimoğlu bunları deyir:

"Çingizin vertolyotdan çəkərkən bunları görüb qaçdığını dediyi adamlar, məncə, ermənilərlə danışıq nəticəsində meyitləri götürən öz əsgərlərimizdir. Meyitlərin çıxarılması üçün bütün danışıqları o zaman rəhmətlik, Allahverdi Bağırov aparırdı. Meyitləri də çıxaran əsasən onun əsgərləri idi. Və bu onlar ola bilərdi. Düşmən tərəfdə meyitləri toplayan əsgərlər gələn vertolyotun kimin olduğunu haradan bilsinlər? Erməni, rus ola bilərdi və onları ata bilərdilər. O zaman çox qarışıq bir vəziyyət idi axı. Ona görə də qaçırlar.

Çingizin çəkilişi 26-sı yox, sonrakı günlərdə, yəni 27-29 olub. Ola bilsin ki, Çingiz iki və ya üç dəfə orada olub. Və birinci dəfə sifətin salamat gördüyü adamın alnının, sifətinin və digər əzasının növbəti dəfə gedəndə kəsildiyini, parçalandığını görüb. Bu o demək deyil ki, bunu bizimkilər edib! Ora bizim əsgərlərin sərbəst gedib-gəldiyi yer olmayıb axı. Ora “Qaraqaya”nın qabağıdır. Həmin gün mən də orada olmuşam. Şelli – “Qaraqaya” istiqamətində baş verənləri öz gözümlə görmüşəm, döyüşçü yoldaşlarımla yaralıların, arvad uşağın güllə altından çıxarılmasında iştirak etmişəm. Xocalı hadisəsi baş verən günlərdə “Qaraqaya” ermənilərdə idi. Yalnız fevralın 26-da səhər saatlarında, Xocalıdan sağ çıxıb gələn adamlardan nə baş verdiyini öyrəndikdən sonra Ağdamdakı yerli batalyonlar tərəfindən dinc əhalini xilas etmək üçün “Qaraqaya” ermənidən azad edildi. Və bundan sonra Ağdamın Şelli kəndi istiqamətində canlarını qurtarmaq istəyən dinc xocalılar xilas edilib. “Qaraqaya”nın qarşı tərəfindən bir az qabaqda Əsgəran istiqamətində başlayırdı xocalıların meyitləri. Meyitlərin götürülməsi isə Şəhid Milli Qəhrəmanımız Allahverdi Bağırov Əsgəran batalyonunun komandiri Vitaliklə danışıb razılıq alandan sonra olub. Bunu Çingiz Mustafayevdən qabaq – fevralın 26-da Allahverdi Bağırovla Əsgərana gedən və ərazidə çəkiliş aparan teleoperator Seyidağa Mövsümlü də dəfələrlə deyib. Bu proses erməni əsgərlərinin nəzarəti altında olub...

Hətta ermənilər də meyitlərin arasında bəzi adamları axtarıb. Məsələn, ermənilər onlara qan udduran Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevin cəsədini də axtarırmışlar. Yəqin verməyəcəklərmiş. Seyidağa bəyin dediklərini oxuyub və ya baxmaq lazımdır. Ermənilər ondan Aqil Quliyevin cəsədini göstərib Aqil Quliyev olub-olmadığını soruşublar. S.Mövsümlü isə bilə-bilə ki, bu Aqil Quliyevin meyitidir, deyib ki, yox, o, deyil.

“Qaraqaya” alınsa da onun qarşısı Əsgəran və digər istiqamətlər ermənilərin nəzarətində idi. İstənilən vaxt gəlib meyitləri təhqir edə bilərdilər. Və həmişə də ediblər. Digər tərəfdən, bir hissəsini isə gecə vəhşi heyvanlar da edə bilərdi! Niyə bunu kimsə düşünmür?! Uzun müddət o əraziyə insan ayağı az dəydiyindən vəhşi heyvanlar da çoxalmışdı”.

Reportajda bir hissə diqqət çəkir: Çingizin birinci gəlişi və çəkilişində meyitlər eybəcər hala salınmayıb. Necə var, elə idi. İkinci dəfə təşkil edimiş səfər dünya jurnalistlərinə ermənilərin vəhşiliklərini nümayiş etdirmək məqsədi güdürdü. Yəni, baxın, görün dinc əhalini erməni quldurları nə kökə salıb. Çüngizin kamerası bu dəfə də hər şeyə göz qoyurdu.

Bu, birbaşa iddiadır ki, meyitləri ermənilər yox, bizimkilər qəsdən o hala salıblar. Ancaq orada olan digər operatorlar, şahidlər hamısı bildirir ki, bu vəhşiliyi məhz ermənilər ediblər. Hadisə şahidləri, yaralananlar, əsirlikdən xilas olanlar hamısı ermənilərin etdiyi vəhşilikdən çox danışıblar. Bununla bağlı internetdə axtarış etmək kifayətdir.

Bunu ermənilər özləri də sonradan boyunlarına alırlar. "Memorial" insan hüquqları mərkəzinin nümayəndələri ilə görüşdə Ermənistan rəsmiləri inkar etmirdilər ki, Xocalının işğalı zamanı "bəzi vəhşiliklər" baş verə bilərdi.

Yazını BURADAN oxuya bilərsiz.

Ermənistanın indiki prezidenti Serjik Sarkisyan ermənilərin həqiqi simasını açaraq xarici jurnalist Tomas de Vaala verdiyi müsahibədə bildirirdi: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu streotipi dağıtdıq. Məhz bu baş verdi”.

Yazını BURADAN oxuya bilərsiz.

Sarkisyanın dediyindən yola çıxaraq, Xocalı faciəsi bizə nə verdi?

O kadrlar özü ilə birlikdə qorxu gətirdi. Artıq insanların dilində bir şey var idi, "qaçaq, yoxsa ermənilər gəlib bizi Xocalının gününə salacaqlar". Bunu uşaq olsam da, Ağdamdan çıxan zaman hər gün, hər saat eşidirdim. Üstündən uzun illər keçməsinə baxmayaraq, 2016-cı ilin aprel hadisələri zamanı Quzanlıya çatanda qadınlar topa-topa dayanıb söhbət edirdi. Hər topanın yanından keçəndə təxminən eyni şeyi eşidirdim, boynu qırılmışlar gəlib bizi də Xocalının gününə qoyacaqlar.

Sevinc Osmanqızının məlum reportajı ictimailəşdirməsindən sonra isə erməni generalı saxta bir sənədlə məsələni bizim üzərimizə qoyub.

Xocalı faciəsi, erməni vəhşiliyi və meyitləri kimlərin təhqir etməsi iddialarına CAVAB


Göründüyü kimi, sənəddə heç bir möhür və imza yoxdur. Sevinc Osmanqızının paylaşımından dərhal sonra ermənilər bu saxta sənədi ortaya atıblar.

Arkadi Ter-Dadevosyanın kompüterdə düzəldilmiş uydurmasında deyilir ki, guya Xocalıdan qaz kəməri boyunca Kətük kəndinin aşağısından keçərək, Ağdamın Şelli kəndinin istiqamətində getmək olur (20 km məsafədir).

Bundan başqa, guya iki Xocalı sakini donuz fermasının yanından keçərək, Sərdaraşen və Fərrux kəndlərinin (iki də ermənilərdə olan kəndlərdir!) arasından keçərək, Ağdamın Əliağalı kəndinə kimi öz mal-qarasını apara bilmişdilər.

O zamankı qarışıqlığı nəzərə alaq və Çingiz Mustafayevin Ağdam istiqamətində baş verənləri bilməyərək bu iddiaları irəli sürdüyünü düşünək. Hətta Çingizin o iddialarının siyasi olmadığını da hesab edək. Ancaq hadisənin üstündən 25 il ötüb. Sevinc Osmanqızı bilməli, bilməsə də araşdırmalı idi. Araşdırsa bilərdi ki, Çingizin iddiaları tamamilə əsassız və şübhə idi.

İndi Sevinc Osmanqızı necə erməniləri Xocalıdakı meyitlərin üzərində vəhşiliyi bizim etdiyimiz üzərindən hərəkətə keçiribsə, eləcə də zəhmət çəksin, onların qarşısını alsın!

Mənbə: Olke.az - Səxavət Məmməd
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *