Türkiyədə "demokratik" yolla səhv ayağı kəsdilər » AzNews.info -Xəbər portalı

Türkiyədə "demokratik" yolla səhv ayağı kəsdilər

Türkiyədə "demokratik" yolla səhv ayağı kəsdilər


İCMAL

Türkiyədə "demokratik" yolla səhv ayağı kəsdilər.
Türkiyədə totalitarizm qurulur.
Türkiyədə proseslərin məntiqi sona çatmağı uzun çəkəcək və çox can alacaq.
Nurçuların düşmən obrazı eynilə "Uzun xənçərlər gecəsi'ində nasistlərin vaxtilə öz tərəfdaşlarını çıxdaş etməsinə oxşayır.

MƏTN
Türkiyədə keçdiyimiz gün yaşananlar hərbi çevriliş cəhdi olduğunu, xalqın və ordunun ciddi qisminin bunu dəstəkləmədiyini göstərdi. Küçələrə tökülən mülki insanlar çevrilişdə iştirak edən sıravi əsgərlərə qarşı xüsusi amansızlıq göstərdi. Təslim olaraq silahını yerə qoyan neçə sıravi əsgər linç edilərək vəhşicəsinə öldürüldü. Bir əsgərin boynunun kəsilərək qanına qəltan edilərək öldürüldüyünün şahidi olduq.
Amma mən daxil bir qisim insan qanunsuz çevriliş cəhdini pisləməkdənsə, linç edilən əsgərlərə yandıq, ondan başqa şeylərə fikir vermədik. Sanki biz də çevrilişi dəstəkləyirik, amma başarılı olmadığı üçün "demokratiyanın zəfərinə" kölgə salırıq görüntüsü ortaya çıxır.
Yaxşı, həmişə demokratiya deyən bizlərə nə oldu? Türkiyədə anti-demokratik çevrilişdən daha pis nə var ki, elə hey deyinirik? Axı meydanlara çıxaraq əlində Türkiyə bayraqları dalğalandıran xalq nümayəndələrindən nə zərər gələ bilər?
Mən praktik bir sənəti - həkimliyi təmsil edirəm. İşin nəzəriyyəsi ilə nə qədər bağlı olsaq da, məsələnin həmişə praktik, tətbiqi tərəfinə baxırıq. Tibb elmində hüquqda olduğu kimi əmsal qaydası çox istifadə olunur. Hər yeni hadisəni əvvəl yaşanmış müəyyən vaqeələrlə qarşılaşdıraraq nəticəyə gəlməyə çalışırıq. Qısaca desək: əvvəl baş vermiş hadisələr önəmlidir və əmsal təşkil edirlər.
Türkiyədə indi yaşananların bənzəri əvvəllər yaşanıb mı? Cavab verirəm: əlbəttə, öz də faşist Almaniyasında.
Adolf Hitler tanınmış bir natiq idi. Sonradan gedərək ciddi siyasi fiqura çevrildi. Başarısız çevriliş cəhdindən sonra həbsə atılan Hitler bir neçə il sonra azadlığa çıxdı. Həm də daha da güclənmiş şəkildə. Bu, Ərdoğanın oxuduğu bir şeirdən sonra həbsə atılmasına qismən oxşayır.
Hitler həbsdən çıxdıqdan sonra ciddi siyasi fiqur kimi seçkilərə hazırlaşdı və 1933-cü ildə parlamentə seçkiləri qazanaraq ən ciddi fraksiyanı yaratdığı üçün kansler seçildi. Proses tamamilə demokratik idi və Hitlerin şüarlarının hamısı alman xalqının ürəyindən idi.
Amma yenə də xalqın bir qismi dirənirdi. Hitler öz partiyasının mühafizə dəstəsinin yardımı ilə opponentləri üzərində basqı qurmağa başladı. Həyasız basqınlarla narazı kəsimi ayrı-ayrılıqda şərləməyə, çıxdaş etməyə başladılar. Mühafizə dəstələri könüllü idilər və ciddi maliyyə dəstəyi də almırdılar. Amma ideya ətrafında toplanmışdılar, eləcə də öz romantizmləri ilə səmimi simpatiya toplayırdılar.
Bu sırada kommunistlərdın biri parlament binasını yandırdı. Ən azından tarixdə belə keçir. Demokratiyaya təhlükə olduğunu iddia edən Hitler bu hadisədən öz hakimiyyətini gücləndirmək üçün geninə-boluna istifadə etdi. Hitler yumşalmadı, öz siyasətini gözdən keçirmədi. Əksinə, repressiyaları gücləndirdi.
Ancaq Hitlerin ələ keçirə bilmədiyi bir qurum var idi: Alman ordusu. Əvvəlcə reyxsver adlanan bu qurum daha sonra islah edilərək Vermaxt adlanmağa başladı. Amma mahiyyət yenə də dəyişmədi. Hərbçilər Hitlerin iddialı planlarına həmişə nədə isə etiraz edir, sanki onu sabotaj edirdilər.
Hitler dəfələrlə Vermaxtı qurdaladı. Eyni zamanda hərbçilər də dəfələrlə Hitlerə sui-qəsd etməyə çalışdılar. Demokratiya qaydalarına zidd olan bu çevriliş cəhdləri xalqı Hitlerin ətrafinda sıx birləşdirdi.
Eyni hadisənin Türkiyə variantına keçdiyimiz gün şahidi olduq. Hitler orduya etibar edə bilməyəcəyini anladı və öz ordusunu - SS-i qurmağa başladı. Çəkirdək də hazır idi: partiyanın sadiq mühafizə dəstələri. Eynilə keçdiyimiz gün küçələrə tökülərək əsgərləri linç edən "drujinnik"lər kimi.
Kənardan ordunun hərəkətləri antidemokratik olaraq görülürdü və SS üzvlərinin hərəkətləri demokratiyanın mühafizəsi kimi dəstək toplayırdı. Faşist Almaniyasında SS üzvü olmaq bir ayrıcalıq idi.
Vermaxt həmişə Hitlerə qarşı oldu. Alman əsgəri müharibə dövründə belə Hitlerə dəfələrlə "qanunsuz" sui-qəsdlər düzənlədi. Vermaxt dinc sakinlərin və yəhudilərin qırğınlarında iştirak etmədi. Hitler ona qarşı sui-qəsd edən "xain" hərbi kəşfiyyatın rəisi Kanarisi pianino simi ilə asdı. Kəndirlə asılmaq daha humanist hərəkət idi halbuki. Afrika döyüşlərinin qəhrəmanı, gözünü və əlini itirmiş Ştaufenberqi və tərəfdaşlarını tələsik edam etdirdi, qalan ailə üzvlərini pisikdirdi. Dinc sakinlərə qarşı bütün çirkinlikləri isə SS və daha sonra onun əsasında yaradılan Gestapo həyata keçirdi.
Nəticədə, Nürnberq məhkəməsi Vermaxta bəraət verdi. SS və Gestapo, hətta xarici işlər nazirliyi belə hərbi cinayətkar elan edildi. Amma Vermaxt deyil. Halbuki alman xalqının gözündə ordu, yəni Vermaxt həmişə cığal və demokratik seçilmiş NSDAP əleyhdarı kimi bilinirdi.
Türkiyədə küçələrdə "demokratiya" qoruyan vətəndaşlar potansial mühafizə dəstələridir. Onlar da eyni ssenariya ilə birinci Dünya Müharibəsi veteranı ordu nümayəndələrini xainliklə günahlandırıb küçələrdə it kimi öldürürdülər. Onda da hamı antidemokratik ordu haqqında danışırdı.
Türkiyədə bənzər hadisələr müşahidə edilir.
Türkiyə ciddi avtoritar və hətta totalitar rejim qurmaq üzərədir.
Türkiyədə siyasi idarə öz içindən düşmən yaradaraq xalqın diqqətini bu xəyali düşmənə kökləyərək hakimiyyəti tam ələ keçirməkdədir (Feto falan kimi). Almaniyada bu, SS qurucularından Rem-in öldürülməsinə səbəb olan "Uzun xənçərlər gecəsi" hadisələrinə çox bənzəyir.
Türkiyədə ciddi militarist mülki qrup yetişib. Bu, ən qorxulu haldır. Onsuz da hazırda Türkiyədə hərbi çevrilişin heç bir şansı yoxdur. Son çevriliş hipotetik başarılı olsaydı, Türkiyədə qanlı vətəndaş müharibəsi başlaya bilərdi.
Amma "əliyalın" xalqın təslim olmuş sıravi əsgəri öldürməsi demokratiyanın zəfəri yox, süqutudur.
Siz, əksini düşünsəniz də.
Hər şey demokratiyanın zəfəri kimi görünsə də.
Türkiyə gedərək daha çox faşist Almaniyasına oxşamağa başlayır. Rusiyanı bu işdə günahlandırsalar da, ruslar daha çox nisbətən yumşaq italyan faşizminin yolunu gedirlər.
Hər şey göründüyü kimi deyildir.
Hər xalq hərəkatı haqlı deyildir.
Hər seçkini qazanmaq demokratiya deyildir.
Niyə Türkiyədəki son hadisələri demokratiyanın zəfəri kimi görmürəm?
Götürək ki, urologiyada robot yardımı ilə böyrək çıxarma qabaqcıl əməliyyatdır. Mən də bunu Azərbaycanda ilk dəfə edirəm və xalq məni çiyinlərində daşıyaraq təbrik edir. Amma önəmli bir detal gözdən qaçır:
"Əslində deyəsən səhv böyrəyi çıxarmışıq"

P.S. Türk hərbi sistemi artıq 200 ildir alman məktəbi əsasında formalaşıb.

Vasif İsmayıl

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *