Fazil Məmmədovun da başı getdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Fazil Məmmədovun da başı getdi

Fazil Məmmədovun da başı getdi



Yüksək təpədən xiyabanla üzü aşağı daha bir azərbaycanlı “zadəgan”ın dağıdılmış heykəlinin başı diyirlənir. Məgər Eldar Mahmudov, Ziya Məmmədov, Əli Abbasov, yaxud Fazil Məmmədov xalqın qulu obrazının təcəssümü idilər? Bitmək-tükənmək bilməyən eyş-işrət məclislərindən piylənmiş, havayı şampanların köpüyündə boğulan, hakimiyyət zirvəsinə qaldırılmış bu cənablar çoxəsrlik Palatino təpəsindəki palıd ağaclarının arxasında yad gözlərdən gizlənən elə həmin patrisiləri xatırladırdılar.

Yanlarında da həmişə yeniyetmə qul-qaravaş olurdu ki, onların da vəzifəsi növbəti gecə qonaqlığından sonra sahiblərini qədim palıd ağaclarının yanına çatdırmaq idi. Burada onlar həmin ağacları elə möhkəm qucaqlayırdılar ki, həddən ziyadə şişmiş yekə qarınları sıxılsın və adi insan mədəsinə sığmayacaq qədər yeyilənləri qusa bilsinlər... Bundan sonra Roma patrisilərinin hara qayıtdığını bilirsiniz? Yenə də masa arxasına - yeni dadlar, yeni təamlar və həmişə bayram əhval-ruhiyyəli şərab məclisinə...

Fazil Məmmədovun da başı getdi
Lap Azərbaycan nazirinin kabinetindəki kimi

Yer üzündə Yupiter roluna girmiş bu müvəqqəti “aldanmış kəvakib”lərin hakimiyyətindən nə qaldı? Yalnız qırıntılar. Vatikanın zirzəmilərinə toplanmış dağılmış, eybəcərləşmiş və təhqir edilmiş heykəllər. Tarixin fəlsəfəsi budur.

Bəli, bəzən yalnız heç nəyə öyrətmədiyini öyrədən tarix fəlsəfəsinin suallarına müraciət etməli olursan! Devrilmiş fövqəlgüclü Fazil Məmmədov barədə elə həmin o palıdlar arxasında gizlənən, unudulmuş Roma patrisiləri kimi əfsanələr dolaşırdı.

Bütöv bir nazirliyi ayağının bir zərbəsi ilə qızıl sikkələr çıxaran Qızıl Antilopaya çevirmiş həris raca. Fəqət Fazil Məmmədov, görünür, həris və doymaq bilməyən bu ədabazın tarixini axıra qədər izləməyibmiş. Orada sonda bütün qızıllar çini qırıntılarına çevrilir və Fazil Məmmədov da son nəticədə özünün oliqarxvari hərəkətlərinin qırıntılarının altında qaldı.

Vergilər naziri az qala şah həyatı yaşayırdı. Nəhəng maşın karvanı, 25 bodiqarddan ibarət özəl mühafizə, dəbdəbəli zirehli, asan tanınan “711” nömrəli avtomobillərdən ibarət bütöv bir avtopark, Londonda qəsr, şəxsi “Qolfstrim” təyyarəsi, imarətlər, qızıllar, brilyantlar... Hər gün nazirin həyatı üçün bu dövlət idarəsinin korrupsiyalaşmış qara xəzinəsindən on minlərlə dollar pul xərclənirdi. İdarə rəhbəri özünə rəva görə bilirdi ki, aylarla işə gəlməsin, içki aləminin dərinliklərinə dalsın...

Fazil Məmmədovun da başı getdi
Komediant Fazil Məmmədovun stalinsayağı kiteli

İnanılmazdır, lakin dövlət məmuru Fazil Məmmədov dövlət qulluğu illərində ölkənin ən zəngin adamlarından birinə çevrildi. Nazirin qonaqları onun kabinetini onlarla min dollarla tərk edirdilər. Bu, bir suvenir idi, belə deyək ki, gec-gec gələn qonaqlara kiçicik peşkəş. F.Məmmədov laqeydcəsinə şkafının yuxarı siyirməsini açır və oradan yoğun pul bağlamaları tökülür, səxavətlə bunlardan bir neçəsini təqdim edirdi: “Bu hədiyyədir! Mən heç kimi diqqətsiz qoymuram”. Bu, həmin milyonların mənbəyini gözəl bilən nazirin sevimli ifadəsi idi. Onun ən böyük arzusu idi ki, səxavətliliyi dillərdə əzbər olsun. Vergi ödəyicilərinin alın təri ilə ödənilən səxavəti.

Ənənəvi həyat dəyərləri Fazil Məmmədov üçün yolverilməz idi. O, yalnız şəxsi istəkləri və qohumbazlıq duyğuları ilə hərəkət edirdi. Nazir ən müxtəlif vəzifələrə qohumlarını və yaxınlarını təyin edirdi.

Hər dəfə alicənab romalının üz ifadəsi ilə vergi bəyannamələrinin ciddi doldurulması barədə bəyanatlar verən generalissimus Fazil Məmmədovun stalinsayağı ağ kitelinə baxanda ölkənin dövlət idarələrini “hərbsizləşdirməyə” çağıran Nikita Sergeyeviçin ölməz sözlərini xatırlayırdım. Fazil Məmmədov özünün gülünc vəziyyətini anlamırdı. Pul buna mane olurdu. Pul isə çox idi, həddən çox, kisələrlə gətirirdilər. O da düşünürdü ki, bu pullarla obraz, ad və tarix qazana bilər. Neron teatrının səhnəsindəki komediant kimi. Buna görə də, yolunun üstündəki hər şeyi yandırırdı.

Fazil Məmmədovun da başı getdi


Fazil Məmmədov kimiləri Azərbaycan sahibkarlarının qəlbində də yanğın törədirdi. Nazirin kabinetinə kisələrlə dolu pulları Vergilər Nazirliyinin korrupsiya piramidasının xaç ataları daşıyırdı. Vergilər Nazirliyindəki repressiv-korrupsioner sistem nəhəng ağızlı, ikibaşlı əjdahaya bənzəyirdi. Bu başlardan biri - kiçik sahibkarlar və milli gəlirlər üzrə Departament idi. İkincisi isə Vergi Cinayətləri İdarəsi. Sahibkarları birinci başın ağzına atırdılar. Və əgər orada paqonlu quldurların ondan nə istədiyini axıra qədər başa düşə bilməyən biznesmeni soyub müflis eləmək alınmırdısa, bədbəxti əjdahanın ikinci başının ağzına - İstintaq İdarəsinə atırdılar.

Fazil Məmmədovun da başı getdi


Orada isə azğınlaşmış müstəntiqlər biznesmenin və ya tikinti baronunun əllərini qandallayırdı. Və qurban yalnız bu vaxt başa düşürdü ki, quldurlar ondan vicdanla ödədiyi vergini yox, haqq istəyirmişlər. Kim ki, pulları kisələrə doldurub ödəyirdi, onu buraxırdılar. Haqq ödəməyəni isə əşyaları ilə dolu çantasını belinə yükləyib “zona” yola salırdılar.

Fazil Məmmədov dünya vergi sistemi tarixinə keçib - o, biznesə təzəcə başlayan sahibkarlardan özünün qara kassasına vergi və haqq yığmağa başlayıb. Tikinti ilə məşğul olan sahibkar özülü qazmağa imkan tapmamış onun başının üstünü Vergilər Nazirliyinin əməliyyatçılarının silueti kəsdirirdi. Onlar pul tələb edirdilər! Nəyə görə? Təzəcə başladığı biznesə görə...

Fazil Məmmədovun törəmələri təkcə özəl sektoru xofa salmırdı. Onlar dövlət təşkilatlarına və subpodratçılara da həmlə edirdilər. Bütün nəqdləşdirmə sistemi Vergilər Nazirliyinin nəzarətində olan birgünlük firmalar üzərindən həyata keçirilirdi. Hər bir dövlət layihəsindən 30 faiz büdcə ayırmalarına gedirdi. Bax, büdcə pullarının əhəmiyyətli hissəsi bura axırdı.

Büdcə isə dolmaq bilmirdi. Və maliyyə-iqtisadiyyat sektoruna rəhbərlik edənlər baş sındırırdılar - büdcəni necə dolduraq? Vergilər naziri isə bununla bərabər daha bir misli görünməmiş sxem fikirləşib tapmışdı. 2017-ci ildə onun nazirliyi biznesmenlərdən 2018-ci il üçün vergi yığmağa başlamışdılar!!! Beləsini hələ görüb-eşidən olmamışdı!

Lakin Fazil Məmmədovun vergisoyma maşını dayanmaq bilmirdi. Onun daha bir qanlı baltası vardı - kameral yoxlama. Üstəlik, nazir bu qurama praktikaya “qanunçuluq və şəffaflıq” görüntüsü vermişdi...

Bax, elə bunlara görə Fazil Məmmədovun poqonlarını sökdülər. Bütün məmur kabinetlərindən şikayətçilər - işgəncə verilmiş biznesmenlər və əzilmiş sahibkarlar xorla səslənirdi. Prezident məmurlara çağırışlarını və göstərişlərini yorulmadan nə qədər təkrarlayaydı: “Xalqa xidmət edin!”, “Təvazökar olun!”, “Oğurlamayın!”...

Məmurları şəffaflığa və qanunçuluğa daha nə qədər çağırmaq olardı ki?! İlham Əliyev nə vaxta qədər özünü məmurlara nümunə göstərib, onları qaydalara uyğun yaşamağa, işləməyə çağırmalıydı?!

Və budur, Fazil Məmmədovun vəzifədən azad edilməsi hökumətin aparıcı üzvlərinin istefası və işdən azad edilməsi məntiqi zəncirinin davamı oldu.
Fazil Məmmədovun da başı getdi

Və Fazil Məmmədov da Eldar Mahmudovun arxasınca gedəcək

Prezident Eldar Mahmudovu, Ziya Məmmədovu, Cahangir Hacıyevi, Əli Abbasovu, Fazil Məmmədovu işdən qovdu və cəzalandırdı... İlham Əliyev aydın şəkildə nümayiş etdirir ki, korrupsiyaya yuvarlanmış, dövlət idarəsinin səlahiyyətlərindən sui-istifadə edən, “bespredelə” və özbaşınalıqlara bulaşmış oliqarxlara hakimiyyətdə yer yoxdur. Dövlət idarəsinin səlahiyyətlərini mənimsəyib onu özünün plutokratik maraqlarına xidmət etdirən oliqarxlara yer yoxdur! Nazirliyi özünün şəxsi mülkünə çevirən məmurlara yer yoxdur! İstənilən tənqidi söz desən dərhal nazirin şərəf-ləyaqətinə qarşı çağırış kimi qarşılayırlar. Bəs necə? Axı ora onun şəxsi evidir!

Və soyğunçu və zülmkar Fazil Məmmədovun miskin aqibəti digər nazirlərə və məmurlara da dərs olmalıdır! Təəssüf ki, həmin qərb dövlət sivilizasiyasının təcrübəsinin göstərdiyi kimi, təkcə repressiyalarla bu şəri, bədbəxtliyi aradan qaldırmaq, kökünü kəsmək, qarşısını almaq mümkün deyil. Doğrudanmı, Fazil Məmmədov da bütün məmur sinfi üçün acınacaqlı aqibətin nümunəsi olmayacaq?!

Seçilmişlər və toxunulmazlar sinfi yoxdur. Təkcə İlham Əliyevin ümumxalq rifahına, sosial və hüquqi dövlətin dayaqlarının möhkəmləndirilməsinə, qanunçuluğun kök salmasına yönələn qətiyyətli siyasəti var... MTN, Beynəlxalq Bank, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və indi də Vergilər Nazirliyində aparılmış səs-küylü təhqiqatlar, məmurların cəzalandırılması buna sübutdur. Məmur, nəhayət, öz əməllərinin cəzasız qalmayacağına əmin olmalıdır. Yeri gəlmişkən, bəzi mənbələrin informasiyasına görə, Fazil Məmmədov ölkəni tərk etmək, qaçmaq, çiynindən Stalinin ağ kitelini tullamaq istəyib. Lakin onu dayandırıblar...

İndi nazir-texnokratların və proqressiv, kreativ düşüncəli menecerlərin dövranıdır. Məhz onlar ölkə Prezidentinin sistemli islahatlarını həyata keçirəcəklər.



Eynulla Fətullayev

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *