Bağla

AzNews.info



Bölmə: Manşet, Sosial

Bakının mərkəzində uşaqların gözü qarşısında baş kəsənlər kimdir? – CİDDİ TƏHLÜKƏ

Bakının mərkəzində uşaqların gözü qarşısında baş kəsənlər kimdir?

Kəsim məqsədilə gətirilən heyvanı maşından düşürmək üçün başına ip bağlayıb, bir ucunu da ağaca bərkidirlər. Maşını sürürlər, heyvan zərbə ilə yerə dəyir. Sonra heyvanı elə yol kənarındaca hər kəsin, xüsusilə məktəb yaşlı uşaqların gözü qarşısında kəsirlər, qanı küçəyə axıdılır. Kəsilmiş heyvanın cəmdəyi saatlarla asılı vəziyyətdə qalır, kəlləsi, ayaqları ayrıca nümayiş etdirilir. Bu mənzərə hər gün təkrarlanır.

Yol kənarlarında, antisanitariya şəraitində ət kəsimi illərdir problem olaraq qalır. Amma dərd bununla bitmir, indi az qala hər məktəbin, uşaq bağçasının yaxınlığında ət kəsim məntəqəsi fəaliyyət göstərir. Azyaşlılar günün istənilən saatında heyvan kəsimini canlı izləyə bilirlər. Halbuki, diri heyvanların kəsim yeri insanların gediş-gəliş ərazilərindən kənarda olmalıdır. Çünki ət kəsiminin sanitar-gigiyenik tərəflərindən başqa, mənəvi-psixologi tərəfləri də var. Hər gün qanlı mənzərəni izləyən azyaşlı psixi sarsıntı yaşayır.

Virtualaz.org-a ayrı-ayrı vaxtlarda daxil olan şikayətlərdən də görünür ki, sakinlər yol kənarlarında, göz önündə sallaqxanaların olmasından narahatdır. Bu vəziyyət uşaqlara mənfi təsir göstərir.

Bakının mərkəzində uşaqların gözü qarşısında baş kəsənlər kimdir?


“Məktəb və bağçaya gedən yolun üstündə sallaqxana var, uşaqların gözü qarşında heyvan kəsirlər. Üstəlik, heyvanın başı saatlarla küçənin ortasında qalır”, - Suraxanı rayonu, Zığ qəsəbəsinin sakinləri əməkdaşımıza deyiblər.

Qəsəbədəki 65 saylı orta məktəb və bağçanın yaxınlığında iki sallaqxana var. Sallaqxananın biri avtoyuma məntəqəsinin qarşısındadır, heyvanın içalatı vannaya doldurulur, avtoyuma məntəqəsində yuyulur. “Doğrudur, kəsilən heyvanın əti mağazada satılır, amma kəsim yolun kənarında aparılır, içalatı vannaya doldurulur, yaxınlıqdakı avtoyuma məntəqəsində yuyulur. Heyvanın başı isə mağazanın girəcəyində, qapının ağzında alıcılarını gözləyir”, - şikayətçilər əlavə ediblər.

Küçədə heyvan kəsimi səbəbindən Zığ sahibsiz heyvanların məskəninə çevrilib. Xüsusilə, mağzanın qarşısında itlər sürü ilə gəzir.

Bakının mərkəzində uşaqların gözü qarşısında baş kəsənlər kimdir?


Xətai rayonu, 194 saylı məktəbin bir addımlığında sallaqxana fəaliyyət göstərir. Məktəbin yaxınlığında yaşayan Sədaqət Səmədova deyir ki, övladı inəyin necə kəsildiyinin şahidi olub və bundan sonra ət yeməkdən imtina edib. “8 yaşlı oğlum ət yemək istəmir. Çünki inəyin necə kəsildiyini görüb, çox təsirlənib. Deyir ki, inəyi yerə yıxıb başından vurdular, sonra buçaqla başını kəsdilər. Dəfələrlə irad bildirmişik, amma qarşısını alan yoxdur”, - Səmədova narazılıq edir.

Nərimanov rayonu, 177 saylı məktəbin yaxınlığında da eyni vəziyyətdir, heyvan yerə uzadılır, başını kəsirlər və səhər dərsə gedən uşaq bu mənzərəni izləməyə məcburdur.

Bakının mərkəzində uşaqların gözü qarşısında baş kəsənlər kimdir?


Bəs çıxış yolu nədədir? Bəllidir ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiqlənərkən əhalinin keyfiyyətli ət məhsulları ilə təminatı üçün paytaxt da daxil olmaqla, bölgələrdə ət kəsim məntəqələrinin yaradılması nəzərdə tutulmuşdu. Amma ixtisaslaşdırılmış kəsim məntəqələrinin özəl əsaslarla, yəni sahibkarların istəyi ilə yaradılması nəzərdə tutulduğundan reallaşması mümkün olmadı. İş adamları bu sahəyə sərmayə yatırmaq istəmədilər. İndi yalnız paytaxtın Xəzər, Binəqədi, Xəzər, Abşeron rayonlarında bir-iki yerdə ət kəsim məntəqələri var ki, bu məntəqələr də təlabatı tam ödəyə bilmir. Ona görə də, sallaqxanaların ləğv edilməsinə ciddi yanaşılmır, beynəlxalq tədbirlər ərəfəsində küçədə ət kəsiminə qadağa qoyanlar, sonrakı günlərdə özlərini görməməzliyə vururlar.

Bakının mərkəzində uşaqların gözü qarşısında baş kəsənlər kimdir?


Psixoloq Vəfa Məmmədova isə deyir ki, heyvanın kəsilərkən xırıldaması, çəkdiyi əziyyət uşaqda dərin psixoloji travmalara səbəb ola bilər. Xüsusilə, həssas uşaqlarda özünəqapanma hissi, depressiya yarana bilər. “Heyvan kəsimi, qanın küçəyə axıdılması uşaqda təcavüzə meyl yarada bilər. Və ya uşağın ətrafa, insanlara qarşı qəddar davranış göstərməsinə səbəb ola bilər. Bəzən uşaq hər gün gördüyü qanlı mənzərədən ətrafa qarşı biganələşə, zorakılığa qarşı soyuqqanlı davrana bilər”, - psixoloq deyir.

Bakının mərkəzində uşaqların gözü qarşısında baş kəsənlər kimdir?


Onun sözlərinə görə, bəzi insanlar, xüsusilə də azyaşlılar qandan qorxurlar. Təcrübəsində Qurban bayramından sonra sarsıntı keçirərək depressiyaya düşənlərin olduğunu deyən mütəxəssis onların uzun müddət ətdən iyrəndirklərini deyir. “Qurban bayramında ailə qoyunu böyük sevinc hissi ilə kəsib, ana qoyunun Allaha qovuşduğunu deyib. Uşaq da beşikdə olan bacısını kəsmək istəyib, bununla da valideynlərinin sevinəcəyini düşünüb. Uşaq uzun müddət mərkəzə gətirildi, biz onunla işlədik. Buna görə də, heyvanın azyaşlının gözü qarşısında kəsilməsi yolverilməzdir, bu mənzərə bəzən insanı qəddarlaşdırır”, -Məmmədova əlavə edib.

Onu da qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə insanların, gözü qarşısında heyvanların kəsilməsi qadağandır. Bu qadağanı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti də təsdiqləyir. Amma təsdiqləmək kifayət etmir, ciddi tədbirlərə ehtiyac var.

Mənbə: virtualaz.org

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *