Prezident: İnhisarçılığa qarşı mübarizəni gücləndirməliyik » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Rəsmi

Prezident: İnhisarçılığa qarşı mübarizəni gücləndirməliyik

Prezident: İnhisarçılığa qarşı mübarizəni gücləndirməliyik


Azərbaycanda yanacaq kifayət qədər ucuzdur. Özəl sektora və ümumiyyətlə, əhaliyə satılan qazın qiyməti çox aşağıdır, cəmi yüz manatdır. Halbuki dünyada qiymət ondan bir neçə dəfə artıqdır. Elektrik enerjisinin qiyməti kifayət qədər aşağıdır. Yəni, bütün bunlar sahibkarlığın inkişafı üçün dövlət tərəfindən verilən böyük güzəştlərdir. Azərbaycanda istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyi üçün bu, əlavə bir güzəştdir, üstünlükdür. Sahibkarlar da bundan səmərəli şəkildə istifadə etməlidir. İlk növbədə, daxildə satılan malların qiyməti süni şəkildə qalxmamalıdır. Dövlət bu sahəyə nəzarət edir.

Az News,info AzərTAc-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.

Prezident bildirib ki, bu il “Kənd təsərrüfatı” ili elan edilmişdir.

“Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir. Çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik. Ancaq bu istiqamətdə böyük yol keçmişik. Çünki bu gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür, bəzi hallarda bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə, birinci mərhələ üçün hesab edirəm ki, məqbul variantdır. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsullara qədər.

Ona görə bütün bu zənciri biz yaradırıq, yaradacağıq. İlk növbədə, əlbəttə ki, biz sənaye, yəni, emal müəssisələrini yaradırdıq. Bəzi hallarda o müəssisələrdə istehsal olunan mallar xaricdən xammal kimi gətirilirdi, burada paketlənirdi, ya süzülürdü. Bu, birinci mərhələ idi. Biz indi əsas mərhələyə keçirik, lokalizasiya 100 faiz olmalıdır. Çünki ərzaq təhlükəsızliyi bundan sonra dünya üçün ən böyük məsələ olacaq, o ölkələr ki, ərzaq təhlükəsizliyini təmin etməyib, onlar böyük problemlərlə üzləşəcəklər”, - deyə, prezident bildirib.

İlham Əliyevin sözlərinə görə, yerli istehsalın artırılması prosesi gedir.

“Müxtəlif yerlərdə emal müəssisələri yaradılır və ixrac imkanlarımız da genişlənir. Biz indi ixrac nomenklaturamızı da genişləndirməliyik. Azərbaycandan ənənəvi olaraq meyvə-tərəvəz ixrac edilirdi. İndi isə daha çox hazır məhsul və digər, yəni, süd məhsulları ixrac edilməlidir. Gələcəkdə ət məhsulları və digər məhsullar ixrac edilməlidir”, - deyə, o, bildirib.

Prezident qeyd edib ki, torpaqların elektron uçotu, qeydiyyatı indiki mərhələ üçün çox önəmli məsələdir.

“Biz buna nail ola bilsək, onda həm şəffaflıq olar, həm də biz dəqiq biləcəyik ki, nəyimiz var. Çünki bəzi hallarda tərtib olunan xəritələr həqiqətlə uzlaşmır. İndi bu məsələ aydınlaşdırılır, təftiş edilir. Verilən pay torpaqları, ayrılan sahələr bunlar həqiqəti əks etdirmir. Peykdən əldə edilən görüntülər xəritədə göstərilən görüntülərlə üst-üstə düşmür. Bu, çox ciddi məsələdir. Vaxtilə bu sahədə böyük səhvlər buraxılmışdır. Ona görə biz indi hər şeyi yenidən tənzimləməliyik. Elektron uçot ona görə lazımdır ki, sahibkarlar hansı torpağın sahibi olduqlarını bilsinlər. Eyni zamanda, dövlət də bilməlidir ki, kimin hansı torpağı var, o torpaqlarda nə yetişdirilir və ya yetişdirilmir. Bəzi hallarda torpaqlar götürülür, ondan sonra təyinatı dəyişdirilir. Yaxud da ki, hasarlanır, sadəcə olaraq mülkiyyət kimi saxlanılır. Buna yol vermək olmaz”, - deyə, dövlət başçısı vurğulayıb.

Prezident bəyan edib ki, Azərbaycan indi yeni bazarlar axtarır:

“İndi ənənəvi bazarlar var. Ənənəvi bazarımız Rusiya bazarıdır və bizim kənd təsərrüfatı məhsullarımızın böyük əksəriyyəti bu bazara ixrac edilir. İndi Qazaxıstanın Aktau şəhərində böyük logistika bazası yaradılır və orada on min ton məhsulu saxlamaq mümkün olacaqdır. O bazar da bizim üçün çox maraqlıdır. Hesab edirəm ki, bu ilin sonuna qədər bu sahədə də artıq biz real nəticəni görəcəyik”.

Dövlət başçısı həmçinin kənd təsərrüfatı məhsullarından düzgün istifadə etməyə çağırıb:

“Daxili bazarları təmin edək ki, qiymətlər qalxmasın. Xaricə sataq ki, həm sahibkara, həm də dövlətə daha çox pul gəlsin. Ona görə burada mən bir daha demək istəyirəm ki, dövriyyəyə buraxılacaq yeni torpaqlarda heç bir özbaşınalıq ola bilməz. Ancaq bu torpaqlardan dövlətin göstərişi ilə istifadə olunmalıdır. Mən iki nazirliyə göstəriş vermişəm, orada kənar müdaxilə ola bilməz”.

İlham Əliyev həmçinin vurğulayıb ki, “eyni zamanda, biz inhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik, əlavə tədbirlər görülməlidir”.

“Yerli istehsalın stimullaşdırılması ilə bərabər, bu sahəyə də diqqət yetirilməlidir, əgər ya qanunvericilikdə, ya hansısa tənzimləyici qərarlarda hansı əlavə tədbirlər lazımdırsa, biz bunu edəcəyik. Biz azad, ədalətli rəqabəti təmin etməliyik”.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *