Rəsmi etiraf: əhalinin 62 faiz yoxsuldur… » AzNews.info -Xəbər portalı

Rəsmi etiraf: əhalinin 62 faiz yoxsuldur…

Rəsmi etiraf: əhalinin 62 faiz yoxsuldur…

Vətəndaş kommunal xərclərin yarısını yeni tariflə ödəyəcək
Tarif Şurası təbii qazın və elektrik enerjisininn ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar verib, əhali üçün müvafiq kvota müəyyənləşdirilib. Elektrik enerjisinin aylıq istehlak həcminin 250 kVts-a qədər olan hissəsi köhnə tariflə - yəni 7 qəpik, aylıq istehlak həcminin 250 kVts-dan çox olan hissəsi isə 11 qəpiklə hesablanacaq. Qeyri-əhali üçünsə elektrik enerjisinin tarifi 9 qəpik olub. Qazın illik istehlak həcminin 1500 m3 -dək olan hissəsi üçün köhnə tariflə - 100 manat, istehlak həcmi 1500 m3 -dən çox olan hissəsi isə 200 manat müəyyən edilib.

Qərar dekabrın 1-dən qüvvəyə minəcək. Ekspertlərin fikrincə bu cür ödəniş sisteminin tətbiqi istehlakçılar arasında qaz və elektrik enerjisindən istifadə zamanı israfçılığın aradan qaldırılmasına həmçinin paylayıcı şəbəkələrin üzərinə düşən gərginliyin həcmini azaltmağa xidmət edir.
Toxların aclardan xəbəri yoxdur

Jurnalistlər deputatları danışdırıblar, qadın-kişi, üzündən toxluq yağan millətin vəkilləri (qarınları toxdur axı!) deyiblər ki, artım xalqın xeyrinədir, büdcədə pullar aşıb-daşacaq, yığıb-yığışdıra bilməyəcəyik. Özü də bu artımın yoxsullara (onlar aztəminatlı deyirlər) bir təsiri olmayacaq. Amma nəyə görəsə camaatı qənaət etməyə çağırırlar.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə deyib ki, təbii qaz və elektrik enerjisinin qiymətinin bahalaşması əhalinin vəziyyətini pisləşdirəcək. Düzünü də o, söyləyib. Çünki, Azərbaycanın bütün iqtisadiyyatı neftə və qaza köklənib, bu məhsulların qiymətləri düşdüyünə görə gəlirlər azalır. Büdcəni isə bir şəkildə doldurmaq lazımdır. Bu yerdə xalqdan başqa yaxşı mənbə haradır? Hökumət bir az kasıblayan kimi xalqdan xərac toplayırlar.

“Bizim Yol”-un araşdırmasına görə, qiymətlərin artımı əhalinin yoxsul təbəqəsinə birbaşa təsir edəcək. Sərfiyyatı normadan artıq olan köçkünlərə isə qismən təsiri olacaq.

Bahalaşma bu kateqoriyaya təsir etməməlidir

Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi” Qaydasının 5-ci maddəsinə görə, istehlakçıların istifadə etdikləri kommunal və digər xidmət haqları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən mərkəzləşmiş qaydada xәzinәdarlıq vasitəsilə aşağıdakı kimi ödənilir: elektrik enerjisindən istifadə haqqı - “Azərenerji”, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyinə; şəxsi istehlak və həyətyanı torpaq sahələrinin suvarılması üçün sudan istifadə haqqı - xidmət idarələrinə, o cümlәdәn “Azərsu” Səhmdar Cəmiyyətinə; təbii qaza görə istifadə haqqı - Dövlət Neft Şirkətinə; telefondan istifadə haqqı (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə; digər xidmətlər (məişət tullantılarının daşınması və s.) üzrə - müvafiq xidmət təşkilatlarına.

Elektrik enerjisi üçün adambaşına ayda pul deyil, kVts hesablanır

6-cı maddədə qeyd olunur ki, kommunal xidmət təşkilatları elektrik enerjisi (adambaşına ayda 150 kVts nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq xidmətin haqqını sayğacların göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirir.

Yəni, göründüyü kimi, yeni qiymətlərin köçkünlərə aidiyyatı olmamalıdır. Xüsusən də elektrik enerjisi üçün adambaşına ayda pul deyil, kVts hesablanır. Bu limitdən artıq istifadə edənlər onun haqqını ödəyir.

Köçkün limiti keçmir

Əlimizdə bir neçə ailənin “Azərişıq”-dan olan bildiriş qəbzləri var. Köçkün Ə.H.-nin adına olan sayğacda verilən qəbzə əsasən bu ilin yanvar ayında 563 kVts elektrik sərfiyyatı qeydə alınıb. Ailədə 4 nəfər var və onların aylıq limiti 600 kVts-dir. Limitə cəmi 37 kVts qalıb. Tarif 0.06 manatdan hesablanıb, məbləğ olaraq ümumi 33.78 manat tutub. Qalıq 112.50 manatdır. Bu, hökumətin köçkünə olan borcudur. Yəni, bir illik qənaət nəticəsində bu qədər pul vətəndaşın balansındadır. Halbuki, əvvəllər köçkünlərin limiti keçdiyini deyib, onları aybaay ödəniş etməyə məcbur edirdilər. Amma bizim araşdırmalarımız göstərir ki, ilin fəsillərinə görə sərfiyyat istifadəçinin xeyrinə dəyişir. Qış aylarında təbii olaraq sərfiyyat çoxdur, təbii qaz olmayan binada enerji, istilik ehtiyacları elektriklə qarşılanır.İsti aylarda sərfiyyat balansı bərpa olunur.

Bir ildə iki dəfə qiymət dəyişib

Fevral ayında sərfiyyat 526 kVts, mart ayında 581 kVts (Novruz bayramında sərfiyyat artıb) təşkil edib. Amma aprel ayında istifadə aşağı düşüb - 433 kVts. Və orta temperaturlu bu templə davam edib. May ayında 334 kVts, iyun ayında 368 kVts olub. İyul ayında havaların istiləşməsi ilə sərinlədicidən istifadə sərfiyyatı bir qədər artırıb - 420 kVts. Amma enerji qiymətləri 1 qəpik bahalandığından tarif 0.07 manatla hesablanıb və sərfiyyat 29.40 manat tutub. Nəzərinizə çatdıraq ki, enerjinin qiymətləri bir ildə ikinci dəfə dəyişir. Qiymət dəyişikliyi köçkünün sərfiyyatına təsir etməyib, çünki istifadə olunan elektrik enerjisinin həcmi nəzərə alınır, dəyəri yox. Avqust ayı da onun kimi, sərfiyyat 491 kVts olub. Sentyabr ayı istifadə səviyyəsi yenə aşağı enib - 382 kVts. Bu il soyuqlar erkən düşdüyündən oktyabr ayında sərfiyyat birdən-birə artaraq 538 kVts təşkil edib. Bununla belə, limit keçilməyib. Məbləğ (ƏDV-li) 37.66 manat, hökumətin köçkünə borcu 196.35 manat təşkil edir. Bu vəsait köçkünün balansında qalmalı, ya da büdcəyə bərpa edilməlidir. Yəni, kiminsə “yemi”-nə çevrilməməlidir.

4 nəfərlik ailənin aylıq elektrik sərfiyyatı 400-500 kVts-dir

Göründüyü kimi, elektrik enerjisi sərfiyyatı il boyu 250 kVts-yə heç yaxın düşməyib. Bu, yoxsul bir ailənin istifadə etdiyi enerjidir və 4 nəfərdən ibarət bir ailədə elektrik enerjisindən istifadə ortalama 450-500 kVts təşkil edib.

Bildiriş: “Sizin bizə borcunuz yoxdur, amma bizim sizə borcumuz var”

Digər bir vətəndaşın da enerjidən istifadə səviyyəsinə nəzər salmışıq. 4 nəfərlik ailədə ortalama sərfiyyat 400-450 kVts civarındadır. Təkcə avqust ayında sərfiyyat 228 kVts olub. Bunu da ailənin yarısının istirahətdə olması ilə əsaslandırırlar. Onun balansında qalıq 115.57 manatdır. Hər iki vətəndaşın bildirişində “sizin borcunuz yoxdur” yazılır.

Amma köçkünlərdən fərqli digər əhali qrupunu çətinlik gözləyir. 2 nəfərlik ailə üzvü olan M.M.-in orta sərfiyyatı aylıq 270 kVts civarındadır. Nadir hallarda 200-dən az istifadə edirlər. Onlar 250 kVts-yə qədər əvvəlki qiymətlə ödəyəcək, ondan yuxarısını 11 qəpiklə. Bu kiçik ailəyə artım təsir edirsə V.Əhmədovanın 6 nəfərlik ailəsinin büdcəsinə niyə təsir etməsin? Nə olsun ki, evində qazı var, aylıq elektrik sərfiyyatı oktyabr ayında 20.93 manat olub. Yəni, bu o deməkdir ki, 299 kVts enerji sərf edib. Avqustda isə 43.47 manat ödəyib. Bu da 621 kVts elektrik sərfiyyatı deməkdir. Vətəndaş istifadə etdiyi elektrik enerjisi haqqının yarısını gələn aydan 57 faiz artımla ödəyəcək. Yəni bir yarısını 0.07 manat, digər yarısını da 0.11 manatdan. Qazın əvvəlki qiymətini sərfəli sayır, bununla belə qazın bahalaşması ona da təsir edəcək. Deməli, deputatların iddia etdikləri kimi, qiymət artımı heç də yoxsullardan yan keçməyəcək.

Rəsmi: 62 faiz yoxsuldur və 1500 kubmetrdən çox qaz işlətmirlər

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev isə deyib ki, Azərbaycanda əhalinin 62 faizindən çoxu ildə 1500 kubmetr qaz limitini keçmir. Buna görə də tarif dəyişiklikləri əhalinin böyük hissəsinə təsir etməyəcək. Cənab Kərbəlayevin söylədiyi rəqəmdən elə yoxsulluq həddinə də çıxmaq mümkündür. İl ərzində 1500 kubmetrdən az qazı o adamlar istifadə edirlər ki, onların həyat səviyyəsi yüksək deyil. Misal üçün, mən “Azərenerji” sədri Etibar Pirverdiyevin Gənclikdəki villasının şəklini özüm çəkmişəm, orada ildə 1500 nədir, heç 3500 kubmetr qaz da bəs eləməz. Deməyim odur ki, imkanı olanlar villada, yaxşı mənzillərdə yaşayır və qaza da qənaət etmir. Amma 62 faiz insan qənaət etmək məcburiyyətindədir. Onları buna məcbur edirlər.

Mənbə: Bizim Yol
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *