“Skylife Business” jurnalı Bakı haqqında » AzNews.info -Xəbər portalı

“Skylife Business” jurnalı Bakı haqqında – FOTO

“Skylife Business” jurnalı Bakı haqqında


“Türk Hava Yolları” təyyarələrində biznes sinif sərnişinlərinə təqdim olunan “Skylife Business” jurnalının fevral sayında Azərbaycan paytaxtı haqqında geniş məqalə dərc olunub. Türk və ingilis dillərində nəşr olunan jurnalda Bakının tarixi və müasir mənzərəsi əksini tapıb.

AzNews.info xəbər verir ki, məqalədə Bakıda tarix və müasirliyin, Qərb və Şərq memarlığının harmoniya təşkil etdiyi vurğulanır. Bir tərəfdə Bakının tarixi hissəsi - UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı və digər tarixi memarlıq abidələri, digər tərəfdə qaynar şəhər həyatı ilə heç də Avropa şəhərlərindən geri qalmayan müasir Bakıdan, Heydər Əliyev Mərkəzi, “Flame Towers”, “Port Baku South Tower”, “Park Bulvar” kimi müasir binalardan söz açılır.

Məqalədə gecələr Bakının küçələrinin əsrarəngiz gözəlliyindən, bulvar boyunca uzanan Neftçilər prospekti, memarlıq nümunələri işıqlar altında parlayan Nizami küçəsi və digər məkanlardan bəhs olunur. “Burada köhnə binalar bərpa edilərək, onlara yenidən həyat verilir. Bu binaların ardınca getsəniz özünüzü UNESCO-nun Dünya i İrs Siyahısına daxil edilən, İçərişəhər kimi tanınan Bakının tarixi hissəsində taparsınız”.

Yazıda Bakı mədəniyyət, incəsənət, elm və təhsil mərkəzi kimi Cənubi Qafqazın ən böyük şəhəri olduğu vurğulanır. Bakıda İncəsənət, Xalça, Tarix muzeyləri, Opera və Balet, Kukla teatrları və digər mədəniyyət ocaqlarının fəaliyyət göstərdiyi qeyd olunur. Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binasındakı görkəmli şair və yazıçıların heykəllər Bakının mədəni keçmişlə bağlılığını işarələyən simvol kimi səciyyələndirilir.

Məqalədə ədəbiyyat, memarlıq, müasir yaşam tərzi sərgiləyən şəhərin eyni zamanda zəngin mətbəxinin də olduğu bildirilir: “Burada ağız dadınızı dəyişəcək bol çeşidli mətbəx nümunələri var. Restoranlarda düşbərəni dadmaq məsləhətlidir. Bu yemək ənənəvi Bakı mətbəxinin bir örnəyi sayılır. Bunun yanında subtropik meyvə olan feyxoadan hazırlanan meyvə suyunu da dada bilirsiniz. Yarı şirin, yarı turş dada sahib feyxoadan kompot, cem də hazırlanır”.

Həmçinin Bakıya səfər etməyin özəllikləri vurğulanaraq, burada müasir turizm infrastrukturunun yaradıldığı diqqətə çatdırılır: “Bakıda günü başa vurmaq üçün ən yaxşı yerlərdən biri “Hilton Baku” hotelinin 25-ci mərtəbəsində 360 dərəcə fırlanan dairəvi məkandan şəhəri seyr etməyiniz ola bilər. Gecələr işıqlandırılan şəhər hotelin bu yerindən heyrətamiz görünür”.

Qeyd edək ki, “Skylife Business” jurnalı hər ay 50 min tirajla çap olunur. Jurnal “Türk Hava Yolları”nın dünyanın 113 ölkəsində, 284 hava limanına həyata keçirdiyi uçuşlar sırasında təqribən 250 min sərnişin tərəfindən oxunur. Əlavə olaraq 17235 nəfər “Miles & Smiles Elite Plus” kart sahibinin ev ünvanlarına göndərilir.

“Skylife Business” jurnalı Bakı haqqında

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *