Azər Axşam: Əlimdə imkan olsaydı, başqa ölkədə yaşayardım » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Azər Axşam: Əlimdə imkan olsaydı, başqa ölkədə yaşayardım – MÜSAHİBƏ

Azər Axşam: Əlimdə imkan olsaydı, başqa ölkədə yaşayardım



“Qadınlar “arvadlaşmasınlar”.

Azərbaycanın tanınmış aparıcısı, şoumen Azər Axşam “kishi.az” saytına müsahibə verib.

Aparıcının maraqlı məqamlara toxunduğunu nəzərə alaraq, Oxu.Az həmin müsahibəni təqdim edir.

- Necə düşünürsünüz, şoumenin hansı özəllikləri olmalıdır?

- Fikrimcə, aparıcılığın, şoumenliyin nə məktəbi, nə də diplomu yoxdur. Məndən də istedadlı aktyorlar var ki, şoumen ola bilmir, aparıcılıq edə bilmirlər. Ona görə də bu fərdi qabiliyyətdir. Aparıcılıq və şoumenlik Allahın insana verdiyi gözəl danışıq qabiliyyətidir.

Həmçinin, sənin səhnə görünüşün yoxdursa, etdiklərin də mənasızdır. Bunu belə ifadə edə bilərik: xoşuna gələn, sevdiyin şəxslərdən "Səni sevirəm" sözünü eşitmək insana xoş təsir edir, sevindirir. Xoşuna gəlməyən adamdan bunu eşidəndə isə heç bir önəmi olmur. Görünüş də sənin sevilməyin üçün ilk lazım olan amillərdəndir.

- Azərbaycanlı və xarici şoumenlərdən kimləri bəyənirsiniz?

- Azərbaycan şoumenlərindən Rəhim Rəhimlini çox bəyənirəm. O, yaxşı veriliş aparmaqla yanaşı, hər hansısa verilişə qonaq kimi dəvət alanda belə şouya əyləncə qatır. Və Murad Dadaşov (fikirləşir...). Başqa kimisə demək çətindir.

Xaricilərdən Bəyazı və Okan Bayulgeni izləyirəm. İkisindən daha çox Bəyazı bəyənirəm. Çünki onun verilişi daha çox istirahət və əyləncə üzərində qurulub. Okan Bayulgendə isə bir balaca sataşmalar var. O da bilir ki, kimə sataşır. Mənim fikrimcə, əgər müsahib verilişdə aparıcıya qarşı etik çərçivəni aşmırsa, aparıcının onu təhqir və tənqid etməsi düzgün deyil. Əgər müsahib sənə qarşı etik çərçivəni aşarsa, ona qarşı bütün müdafiə silahlarını istifadə edə bilərsən və mən də belə edirəm.

- Son zamanlar TV məkanını, aparıcılarımızı, onların efir zamanı davranışlarını necə qiymətləndirirsiniz?

- Belə bir deyim var: "Mühakimə etmə, mühakimə olunarsan". Sabah Azər də efirdə hər hansısa səhvə yol verə bilər. Düzdür, şükür ki, 15 illik efir həyatımda yanlış ifadə işlətməmişəm.

Heç bir zaman özünü idarəetməni itirmək olmaz. Əgər idarəni itirdinsə, səhvlər artacaq və ardıcıl olaraq davam edəcək. Mən heç bir zaman efirdən: "Mən məsləhət görürəm ki, bu məhsulu alasınız, mən-Azər Axşam" deməmişəm. Üç-dörd tərif eşitmək o demək deyil ki, sən efirdə istədiyini edə bilərsən. Mən hələ efirdə "Mən" deməmişəm, halbuki mənim aparıcısı olduğum bütün verilişlər hər zaman baxılıb. "Milyonçu" verilişinin adını çəksəm, bəsdir.

Aparıcının efir zamanı edə biləcəyi digər bir səhv isə belə ola bilər: ola bilər ki, o necəsə fikrini düz çatdırmasın, əsas məqsədi başqa olduğu halda, qurduğu cümlələrə görə fikri yanlış anlaşılsın. Bu zaman həmin dəqiqə onu tənqid edib üzərinə getmək olmaz. Biz niyə yıxılana o dəqiqə hücüm çəkirik? Bəyəm heç kim səhv edə bilməz? Türklərin bununla bağlı çox gözəl sözü var : "Birinci günahlandırılanın özündən soruşun, onun da özünü müdafiə haqqı var". Biz də insanlara bu şansı yaratmalıyıq.

- Bəs biz kimlərə baxmalıyıq?

- Əslində, hamıya baxmaq lazımdır. Aparıcıları yıxan təriflərdir. Mən həmişə deyirəm ki, lovğa olmaq olmaz. Bu dəqiqə istənilən şoumeni veriliş aparmaqda duelə çağıra bilərəm. Görək, sən yoxsa, mən bu verilişi yaxşı aparacağıq? Bəs bu Azərə nə gətirəcək? Təkəbbürlülük, lovğalıq. Deyirlər, ən dəhşətli insanlar mahiyyəti heç olub, böyük vəzifəyə gətirilən insanlardır.

Biz deyirik ki, tamaşaçının gözü tərəzidir, amma bəzən bu özün doğrultmur.Tamaşaçılar da bəzi insanları layiq olmadığı halda böyük mövqelərə gətirirlər. Biz insanın sənətkarlığını deyil, məşhurluğunu sevirik. TV-də elə verilişlər var ki, aparıcını dəyişsən, efirin bütün mahiyyəti öləcək, baxılmayacaq. Niyə biz daha çox Rusiya kanallarına baxırıq? Çünki orada jurnalist danışdığına diqqət edir, mövqe bildirmir. Bizdə necədir? Aparıcı mövqe bildirir.

Efirlərdə n sayda qeyri-peşəkarlıq, artistlik görürəm. "Mən ağlayıram, operator məni çək, qoy tamaşaçı desin ki, filankəs necə yaxşı insandır, başqasının dərdinə ağlayır". Onlar özləri üçün oynayırlar. Axı, niyə sən mənim dərdimin üzərindən özünü reklam edirsən? Problem də həll olunmur axı belə olanda. Onda niyə özünü biabır edirsən? Hamısının səbəbi reytinqdir. Reytinq isə çox təhlükəli bir şeydir. Reytinqə görə efirdə səndən şit hərəkətlər etməyi tələb edəcəklər. İstəməsən də, bu heç nəyi dəyişməyəcək, etməlisən. Çünki TV-yə reytinq lazımdır. "Get, şit hərəkətlər et". Çox istəyərdim ki, belə verilişlər bağlansın.

- Bəs siz teleməkanda necə verilişlər görmək istəyərdiniz?

- Gənc nəslin tərbiyəsini pozmayan, insanı düşünməyə vadar edən verilişlər görmək istəyərdim. Əyləncə verilişləri də lazımdır, çünki hər cür tamaşaçı var.

Kanal düşündürücü, intellektual verilişlər az olanda zəifləyir. Saat 17:00-19:00 arası TV-ni açmaq olmur. Elə bil, kanallar bir-biri ilə dava edir: “İndi görün mən nə edəcəyəm? Hamı mənə baxacaq”. Bunun isə jurnalistik savadla heç bir əlaqəsi yoxdur.

- Başqa ölkədən hansısa bir filmdə rol almaq üçün dəvət alsanız, dəvəti dəyərləndirərsinizmi?

- Birincisi, belə bir təklif olmayacaq, çünki xaricdə Azərə ehtiyac yoxdur. Biz isə elə fikirləşirik ki, filmimizdə nə qədər xarici aktyor iştirak etsə, o film bir o qədər uğurlu olacaq. Bu isə səhv fikirdir. Xaricdən gətirdiyin aktyora verdiyin pulu mənə versən, mən də istədiyin kimi oynayaram.

Bizdə kinoda rol almaq üçün az qonarar vermələri normaldır. Çünki maraqlanıb görürlər ki, bu aktyor teatrda işləyir və 200 manat maaş alır. Kim ona 2.000 manat verər ki? Biz aktyorlarımıza dəyər vermirik. Amma bilsələr ki, mən ayda 2.000 manat maaş alıram, onda az pulla məni harasa çağıra bilməyəcəklər. Düşünəcəklər ki, bu adam bu pul qarşılığında bizimlə işləməz. Qısası, sən özünkülərə dəyər verməsən, xaricilər də sənə dəyər verməyəcək.

- Özünüzdə hansı xüsusiyyətləri bəyənmirsiniz və düşünürsünüz ki, o sizə işinizdə mane olur?

- İşimə mane olmur, yaşamağıma mane olur. Həyatda artisliyi bacarmıram, gülüb keçə bilmirəm. Xoşuma gəlirsə, həmin dəqiqə deyirəm. Mən Azərbaycanda dünyaşöhrətli "Milyonçu" şousunu apardım. Amma heç kimin vecinə də olmadı. Halbuki bu veriliş üçün nə qədər seçim keçirildi, bu seçimlərdən çox tanınmış aparıcılar keçə bilmədi, ingilislər onları bəyənmədi. Mən seçiləndə ingilis demişdi ki, bu vaxta qədər bu aparıcı harada idi? Nə olsun? "Milyonçu" verilişini aparmaq vizit kartı deyil mi? Amma olmadı, çünki Azərin adamı yoxdur.

- Əlinizdə imkan olsaydı, həyatınızda nəyi dəyişmək istəyərdiniz?

- Əlimdə imkan olsaydı, başqa ölkədə yaşayardım. Əgər yaşadığın yerdə qadir olduğun qabiliyyətə uyğun yaşa bilmirsənsə, ondansa xarici ölkədə tanınma, amma rahat yaşa. Öz evində hörmətsiz yaşamaqdansa, kirayə evində hörmətlə yaşamaq yaxşıdır.

- Sizin üçün uğur qazanılıb, yoxsa zirvə hələ qabaqdadır?

- Mən elə şeylərlə yaşamıram. Mənim üçün həyatda yeganə bir zirvə var ki, olduğum kimi görünüm. Mənim gördüyüm bütün işlər mənim üçün zirvədir. Hər bir adddımıma zirvə kimi baxıram.

- Bəs necə düşünürsünüz? Sizcə, əsl kişi necə olmalıdır?

- (Fikirləşir......) Əsl kişi? Çox çətin sualdır. Məncə, əsl kişi olmaq üçün qarşında əsl qadın olmalıdır. Əsl qadın üçün əsl kişi dəyərlidir. İndiki dövrdə əsl kişi olmaq isə çox çətindir. Çünki həyat bizi müxtəlif yollara salır. Fəxr edirəm ki, heç vaxt kişiliyimi nə vara, nə də dövlətə satmadım. Əsl kişi söz verib yerinə yetirəndir. Söz verib tutmadınsa...

- Kişi ailədə necə olmalıdır?

- Ailəsinə qarşı diqqətli, qayğıkeş olmalıdır. İnsanları yaşadan qayğışeklidir, sevgi deyil.. Ay səni elə sevirəm, belə sevirəm demək mənasızdı. Mən sevgini görmək istəyirəm. Qayğı göstərəndə bilirəm, sevirsən. Mən sevgini hərəkətlərində hiss etmək istəyirəm.

- İki dəfə ailə həyatı qurmusunuz, deyirlər, ailə sevgini məhv edir. Siz necə düşünürsünüz bu barədə?

- Sevgi bitmir, onu biz bitiririk. Hər şeyi adiləşdiririk. Bu da normal vəziyyətdir. Hər gün sevgini göstərsən, şit görünəcək. Hər şeyin qədəri var.

- Sizcə, kişi nə vaxt, niyə xəyanət edir?

- Kişi xəyanət etmir, öz evini yıxır. Hər xəyanətdə də kişini günahlandırmaq olmaz. Əgər, mən günorta yeməyini başqa yerdə yeyirəmsə, deməli, yeməkdə problem yoxdur, evdə problem var. Bir də var görməmişlik və əyyaşlıq. O isə heç bir ölçüyə sığmır.

- Azərbaycan qadınların da nələri bəyənmirsiniz?

- Qadınlar "arvadlaşmasınlar". Elə olsun ki, biz onlara uşağımızın anası deməyək. Xanımım deyək. Qadın xanımlığını qoruyub saxlasa, kişi heç vaxt xəyanət etməyəcək.

- Bir çox peşə var ki, onları xanımlara yaraşdırmırlar. Bəzi hallarda isə, ümumiyyətlə, kişilər ailədə qadının işləməsini istəmirlər. Sizcə bunun səbəbi nədir?

- Mən xanımın işləməsinin əleyhinə deyiləm. Qadın müəllim də, aktyor da işləyə bilər. Tərbiyəli insandırsa, onsuzda heç zaman başqa işlə (!) məşğul olmayacaq. Kişilər bir şeyi bilməlidir. Xanımları çox sıxmaq olmaz, onları sərbəst buraxmaq lazımdır. Axı, qadınlar kişilər qədər xəyanətə meyilli deyil?!

-Və son olaraq kişilərə sözünüz.

- Heç vaxt xəyanət etməyin. Nə özünüzə, nə qəlbinizə, nə də ruhunuza. Etmisinizsə belə, daha etməyin. Nə qədər həmin an özünü haqqlı bilsən də, bil ki, uca dərgahda haqqsızsan.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *