Özünü SOCAR işçisi kimi qələmə verən dələduz 9 illik “istirahətə” göndərildi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Özünü SOCAR işçisi kimi qələmə verən dələduz 9 illik “istirahətə” göndərildi

Özünü SOCAR işçisi kimi qələmə verən dələduz 9 illik “istirahətə” göndərildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 31 yaşlı Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rasim Sadıxov sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Elçin Məmmədov on nəfərə yaxın vətəndaşı aldadaraq onlara neft şirkətinə işə düzəldəcəyi ilə bağlı yalandan vəd verərək 30 min manat pullarını alıb.

Zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət ediblər. E.Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.


SOCAR-ın “məsul işçisi”

E.Məmmədov qurbanlarına Dövlət Neft Şirkətində mühüm vəzifədə işlədiyini, onları mühafizəçi və ya sürücü kimi işə düzəldə biləcəyini vəd edib. İlk toruna düşənlərdən biri Mənsur İskəndərov olub. Eyni üsulla Cəlil Ələsgərovu aldadaraq 10 min manatını alıb.

Onu da qeyd edək ki, E.Məmmədovun qurbanlarının əksəriyyəti taksi sürücüləri olub. Taksi sürücüsü Eldəniz Nəbiyev ötən ilin yanvar ayında Elçin Məmmədovun onu SOCAR-a sürücü düzəldəcəyinə inanıb. Həmçinin taksi fəaliyyəti ilə məşğul olan Elgün Quluzadə, Kamran Şıxəliyev, Zaur Əkbərov da aldadılıb.

Özünü SOCAR işçisi kimi qələmə verən dələduz 9 illik “istirahətə” göndərildi


Elçin necə “Elmir” oldu

Araşdırmalar zamanı məlum olub ki, qurbanlarına özünü “Elmir” kimi təqdim edən Elçin Məmmədov əvvəllər oğurluq etdiyinə görə məhkumluq həyatı sürüb. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. O, bu işlərdən heç kimin xəbəri olmadığını, əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərclədiyini deyib.

Zərərçəkmiş qismində dindirilən Mənsur İsgəndərov ifadəsində Quba rayonunda yaşadığını, həmkəndlisi Elnur Səfixanovun vasitəsilə Neft Şirkətində “işləyən” Elmiri tanıdığını göstərib: ”Zəng vuranda məni SOCAR-da mühafizəçi, ya da anbar nəzarətçisi kimi işə düzəldə biləcəyini, şəxsiyyət vəsiqəmin surətinin, fotoşəklin, sağlamlıq haqqında arayışın lazım olduğunu dedi. Qısa zamanda Bakıya gəlməyimin lazım olduğunu bildirdi. 2015-ci ilin oktyabr ayında Elmirlə görüşüb sənədləri və 240 manat da pul verdim. İclasa tələsdiyini deyib çıxıb getdi. Mən də rayona qayıtdım. Telefonla əlaqə saxlayanda hər ay 800-900 manat maaş alacağımı söyləyirdi. Ona əlavə olaraq 1000 manat da verdim”.



Ən sadəlövh insanlar taksi sürürmüş

Zərərçəkmiş Cəlil Ələsgərov ifadəsində “Elmir”lə sosial şəbəkədə tanış olduğunu göstərib: “Mənə özünü Neft Şirkətinin əməkdaşı kimi təqdim etmişdi. Dayısının neft yataqlarında nəzarətçi işlədiyini deyirdi. İş axtardığımı bilirdi. Neft şirkətində usta köməkçisi vəzifəsinə düzəldə biləcəyini dedikdən sonra onunla görüşdüm. Ona qardaşımın da işsiz olduğunu dedim. Elmir də bu işləri düzəltmək üçün 8 min manat istədi, aylıq 1000 manata yaxın maaş alacağımızı vəd etdi. Vədinə əməl etmədi. Sonralar qaçıb gizləndi. Müxtəlif vaxtlarda ona ümumilikdə 18480 manat pul vermişəm. Aldadıldığımı başa düşüb polisə müraciət etdim”.

Özünü SOCAR işçisi kimi qələmə verən dələduz 9 illik “istirahətə” göndərildi


Zərərçəkmiş Kamran Şıxəliyev ifadəsində taksi sürücüsü kimi fəaliyyət göstərdiyini deyib: “İsmayıllıda yaşayan qohumum “Elmir” adlı şəxsin onu SOCAR-a işə düzəldəcəyini dedi. Telefon nömrəsini alıb onunla görüşdüm. Söhbət əsnasında şirkətə sürücü düzəldəcəyini, yüksək maaş alacağımı bildirdi, inandım. Sənədlərin düzəlməsi üçün əvvəlcədən 240 manat verdim. Sonradan zəng vurub əlavə olaraq 280 manat da istədi, verdim. Əlaqə saxlayacağını desə də, bir daha ondan xəbər tuta bilmədim. Telefonlarıma da cavab vermirdi, qaçırdı”.



Atası oğlunun əsl adını açıb söyləyib

Zərərçəkmiş İbadulla Seyidov ifadəsində oğlu Qorxmazı işə düzəltmək istədiyini, amma aldadıldığını deyib. Sərnişin daşımaqla məşğul olan oğlu Qorxmaz 2015-ci ilin avqust ayında özünü jurnalist kimi təqdim edən “Elmir” adlı bir nəfərlə tanış olub, onu Qəbələyə, İsmayıllıya apardıqdan sonra Bakıya qaytarıb. Söhbət əsnasında “Elmir” onu Neft Şirkətinə işə düzəldə biləcəyini, bunun üçün 5 min manat lazım olduğunu bildirib: “Qorxmaz daim yollarda olurdu. Bir ata kimi fikirləşdim ki, daimi iş yeri, maaşı olsa, yaxşı olar. Oğluma məsləhət gördüm ki, həmin adamla razılaşsın. Evdə olan pulları Qorxmaza verdim, aparıb “Elmir”ə verdi. Ona 5 min manat pul versək də, dəfələrlə zəng vurub işin nə yerdə olduğunu soruşduqda hər dəfə bir bəhanə gətirir, bizdən qaçırdı. Onun bizi aldatdığını başa düşdük. Elmirin kimliyi ilə maraqlandıqda atası Çingizin Gəncədə “Azpetrol” yanacaqdoldurma məntəqəsində nəzarətçi işlədiyini öyrəndik. Ora getdik, oğlunun harada olması ilə maraqlandıqda Çingiz oğlunun adının Elçin olduğunu, oğlunun bir neçə günə pulu qaytaracağını dedi”.

Məhkəmənin hökmü ilə E.Məmmədov 9 il müddətinə azadlıdan məhrum edilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *